İpoteka ilə bağlı qaydalara dəyişiklik edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişikliklər edib. 

XALQ.AZ-ın məlumatına görə, bu Qayda Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi zamanı borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması ilə bağlı məsələləri tənzimləyir.

Qaydaya əsasən borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan Respublikasının ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Borcalanın (borcalanların) aylıq məcmu gəlirinin müəyyən edilməsi zamanı onun (onların) gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən istifadə edilir.

İndiyə qədər aylıq məcmu gəlir dedikdə borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 aylıq dövr ərzində sabit və sənədlə təsdiq olunan bütün növ gəlirlərinin orta aylıq məbləğinin məcmusu nəzərdə tutulub. Dəyişikliyə əsasən bundan sonra aylıq məcmu gəlir dedikdə borcalanın (borcalanların) yalnız sabit və sənədlə təsdiq edilən bütün növ gəlirlərinin orta aylıq məbləğinin məcmusu nəzərdə tutulacaq.

Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Qüvvədə olan Qaydaya əsasən bu zaman borcalan (borcalanlar) ən azı son 24 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Dəyişikliyə əsasən bu müddət 12 aya endirilib. İndiə qədər sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği, gəlir və xərclərin əsaslandırılmış təhlili əlavə olunmaqla, ticarət və istehsal sahələri üzrə orta aylıq dövriyyənin 20 faizindən, xidmət sahələri üzrə isə 40 faizindən çox ola bilməzdi. Dəyişikliyə əsasən xidmət sahələri üzrə sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği orta aylıq dövriyyənin 40 faizindən deyil, 70 faizindən çox olmayacaq.

Borcalanın (borcalanların) orta aylıq gəlirinin hesablanması qaydası da dəyişib. İndiyə qədər borcalanın (borcalanların) orta aylıq gəliri yalnız müraciətindən əvvəlki ardıcıl gələn 12  ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanıb. Dəyişikliyə əsasən borcalanın (borcalanların) orta aylıq gəlirinin hesablanması qaydasına daha bir üsul əlavə olunub. Bundan sonra borcalanın (borcalanların) orta aylıq gəliri borcalanın (borcalanların) muzdlu işlə əlaqədar və cari transfertlər üzrə gəlirlərinin formalaşma müddəti borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 aydan az olduğu hallarda (6 aydan az olmamaqla), ümumi gəlirlərinin faktiki ayların sayına bölünməsi yolu ilə də hesablanacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir