İran-Azərbaycan əlaqələri genişləndiriləcək

Ali -1

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşimi ilə görüşüb.

XALQ.AZ-ın məlumatına görə, görüş zamanı Müctəba Haşimi Bakıda ilk dəfə olmağından məmnunluğunu ifadə edərək səfərin iki ölkə arasında İKT sahəsində əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib.

İranın bir sıra aparıcı İT şirkətlərinin də Azərbaycana gəldiyini diqqətə çatdıran M.Haşimi İran şirkətlərinin qarşılıqlı əməkdaşlığa hazır olduqlarını qeyd etməklə yanaşı, 3-cü ölkə bazarına çıxışı təmin etmək üçün birgə fəaliyyətin də mümkünlüyünü vurğulayıb və o, bu görüşün əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

İran səfərinin təəssüratlarını və uğurlu nəticələrini bölüşən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Azərbaycan və İran prezidentlərinin görüşündən sonra ölkələr arasında əlaqələr daha da genişlənib.

İqtisadi sahədə əlaqələrin inkişafında iki ölkənin iş adamlarının görüşlərinin müsbət nəticələr verəcəyini diqqətə çatdıran Əli Abbasov bundan sonra da birgə görüşlərin təşkil olunacağını, böyük layihələr reallaşdırılacağını qeyd edərək İran şirkətlərini ölkəmizin İT sahəsində həyata keçirdiyi layihələrdə iştirak etməyə dəvət edib və bunun üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb.

Görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də iştirak edib.