“İş rejimi oruc üçün üzr sayıla bilməz”

Oruc

“Oruc tutmaq hər bir müsəlmana vacib buyurulmuş hökmdür. Hər hansı gündəlik iş rejimi üzr sayıla bilməz”. XALQ.AZ-ın xəbərinə görə, bu barədə məlumat Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytının “Şəri sual və cavab” bölümündə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə yönəldilmiş suala verilən cavabda bildirilib.

Sayt rəhbərliyi maraqlı olacağını düşündüyü bu sualı və cavabını oxucularla bölüşüb.

Sual:

Salam hörmətli Şeyximiz, mən dövlət idarəsində çalışıram, bizim idarədə ciddi və məsuliyyətli iş rejimi var. Bundan əlavə, məndə bir neçə xəstəlik var ki, bunlardan biri də təzyiqimin aşağı olmasıdır. Yeməyimi vaxtında yeməyəndə şiddətli başağrıları olur, buna görə də 1-2 gündən artıq oruc tuta bilmirəm. Bir neçə dəfə istəmişəm ki, oruc tutum, lakin bu zaman başağrıları olur, bu da işdə işimi lazımınca və keyfiyyətlə yerinə yetirməyə imkan vermir. İstirahət günündə evdə olanda oruc tuta bilərəm, bu zaman çoxlu yatıram və başımın ağrımağı o qədər də əziyyət vermir.

Bilmək istəyirəm ki, mənə oruc tutmaq vacibdir yoxsa yox? Əgər vacib deyilsə, gündəlik ehtiyacı olanlara nə qədər maddi yardım etməliyəm?

Cavab:
Oruc tutmaq hər bir müsəlmana vacib buyurulmuş hökmdür. Mübarək Ramazan ayında yalnız oruc tutulduğu təqdirdə fəsad yarada biləcək bir xəstəlik üz verdikdə bir şəxs oruc tutmaya bilər. Hər hansı gündəlik iş rejimi üzr sayıla bilməz.

Sizin vəziyyətinizə gəldikdə isə, peşəkar bir həkimə müraciət etməniz məsləhət görülür. Əgər dindar və öz işində mütəxəssis olan həkim Sizə oruc tutmağı qadağan etsə, o zaman oruc tutmaya bilərsiniz. Lakin sonradan sağlamlığınız bərpa olduqdan sonra oruc tutmadığınız həmin günlərin qəzasını yerinə yetirməli və hər bir gün üçün də 750 qram buğdanın pulunu fəqir və yoxsula verməlisiniz.

Gərgin iş rejimində çalışan şəxslərə Mübarək Ramazan ayı daxil olarkən Əmək Məcəlləsində nəzərdə tutulduğu qaydada məzuniyyət götürmək məsləhət görülür. Həmçinin iş rəhbərindən Ramazan ayı boyunca iş rejiminin yüngülləşdirilməsi də xahiş edilə bilər.

Allah ibadətlərinizi qəbul etsin.
Qafqaz Müsəlmanları İdarəsi, Fətva şöbəsi