İslam Oyunları AzTV-də yayımlanacaq

 

aztv333304
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 12-22 may tarixlərində Bakıda keçiriləcək Oyunların “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) tərəfindən yayımlanacağını elan etdi.

Bu razılaşmaya görə, AzTV  və İdman Azərbaycan kanalı Oyunlarla əlaqədar yayım materiallarından aşağıda  qeyd olunan şərtlər əsasında eksklüziv istifadə hüququna malik olacaq:
-Müvafiq olaraq 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış Mərasimlərinin canlı yayımlanması
-Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram
-Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanın canlı yayımlanması
-Oyunlar haqqında iki saatlıq proqram
AzTV-nin sədr müavini Elsevər Dünyamalıyev elan haqqında danışarkən qeyd edib: “Biz Bakı 2017 İslam Həmrəyliyi Oyunlarını Azərbaycan xalqına çatdıracağımız üçün qürur duyuruq.
Ölkəmizdə keçirilən iri miqyaslı mötəbər tədbirlər AZTV və İdman Azərbaycan kanalları vasitəsi ilə daim yüksək səviyyədə yayımlanıb. İslam Həmrəyliyi Oyunları da istisna təşkil etmir. Bu oyunları yayımlamaqla tək Azərbaycanda deyil, bütün İslam dünyasında İslam həmrəyliyi ruhunu çatdıracağıq. IV İslam Həmrəyliyi oyunları heyrətamiz beynəlxalq idman tədbiri olması ilə seçiləcək”.
Bakı 2017-nin korporativ direktoru Elçin Səfərov əlavə edib: “Biz Azərbaycanın aparıcı yayım şirkəti AzTV ilə çox böyük məmnuniyyətlə tərəfdaşlıq edirik. AzTV ölkəmizdə keçirilən irimiqyaslı tədbirlərin yayımlanması istiqamətində böyük və zəngin təcrübəyə malik kanaldır.”
AzTV ev sahibliyi edən ölkənin yayım hüququ olan şirkəti kimi Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının bütün Azərbaycanda yayımlanmasını təmin edəcək.
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında İHİF-in dörd qitədə yerləşən 57 üzv ölkəsinin hər birindən olan idmançılar iştirak edəcək. İdmançılar futbol, atletika, gimnastika, güləş və boks daxil olmaqla 20 idman növü üzrə 270 medal dəsti uğrunda mübarizədə yarışacaq.
Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına biletlər Baku2017 veb-saytı www.baku2017.com vasitəsilə onlayn rejimdə və ya Bakıda yerləşən 12 satış məntəqəsində satışdadır.
Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.
Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri – Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri – Vaterpolo, 3×3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.
Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.
İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin Sədri təyin edilib. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) İHİF ilə birgə Oyunları təşkil və tətbiq edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir