İşsizlikdən sığortanın hüquqi əsasları

Cəmiyyətin sosial-iqtisadi şəraitində baş verən dəyişikliklər qanunvericilik sahəsinin də bu sahədə dəyişdirilməsinə, yenilənməsinə zərurət yaradır. Ona görə də əmək bazarında fəaliyyət göstərən hər kəsi maraqlandıran mövzuya toxunmaqda fayda vardır.

Bu yazıda 2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən həmin yeni qanun haqqında danışacağıq. Baxaq görək yeni qanunun mahiyyəti nədir, orada müəyyən edilən məsələlər nəyi nəzərdə tutur, kimlərə şamil olunur. Həmin qanun ölkəmizdə işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri (iştirakçıları) arasındakı münasibətləri tənzimləyir. Qanunun məqsədi isə Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

Qanun kimlərə şamil edilir?

Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Siyasi vəzifə tutan şəxslərə şamil edilmir.

İşsizlikdən sığorta.

Əvvəla onu bilməliyik ki, işsizlikədn sığorta yeni qanunla nəzərdə tutulan hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə (ona geri ödənilməsinə) yönəldilmiş təminat formasıdır.
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən işəgötürənlər, yəni hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri, dövlət orqanları, fiziki şəxslər, seçkili orqanların rəhbərləri sığorta edənlər olaraq müəyyən edilmişdir.
İşsizlikdən sığorta sahəsində idarəetməni həyata keçirən dövlət orqanı, yəni sığortaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Bu qanunda sığorta haqqı dedikdə qanunla nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği başa düşülür.
İşsizlikdən sığortanın əsas prinsipləri odur ki, işsizlikdən sığortanın məcburidir, işsizlikdən sığortanın subyektlərinin hüquq bərabərliyi vardır, sığorta hadisələrinə səbəb olan halların yaranmaması üçün tədbirlərin görülməlidir, qanunla müəyyən olunmuş qaydada işsizlikdən sığortanın müntəzəmliyinə dövlət təminatı verilməlidir, sığorta stajından və işsizliyin davamlılığından asılı olaraq sığorta ödənişinin məbləğinin diferensiallaşdırılması (fərqliləşdirilməsi) və işsizlikdən sığortanın idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunmasıdır.
Qanunda sığortaolunanın işsizlikdən sığorta etməyi sığortaedəndən tələb etmək, sığortaedəndən və sığortaçıdan işsizlikdən sığorta ilə bağlı ödənişsiz məlumat, habelə məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədilə peşəyönümünə, peşə hazırlığına və əlavə təhsilə dair pulsuz məsləhət almaq, sığortaçıdan işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək, bu qanunla müəyyən olunmuş qaydada və şərtlərlə sığorta ödənişi almaq, əmək bazarında həyata keçirilən aktiv tədbirlərdə iştirak etmək, sığortaedəndən və sığortaçıdan onun xeyrinə ödənilmiş sığorta haqqının məbləği və ödənilib-ödənilməməsi barədə məlumat almaq, öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək və.s kimi hüquqları müəyyən edilmişdir.
Bununla yanaşı sığortaedənin özünün, habelə sığortaolunanın qanuni mənafelərini müdafiə etmək, sığortaçıdan işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək hüquqları təsbit edilmişdir. Sığortedənin vəzifələri isə sığortaedən kimi sığortaçıda qeydiyyata durmaq, işçilərini işsizlikdən sığorta etdirmək, bu qanunla müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək, sığortaolunanlara onların hüquq və vəzifələrini, habelə işsizlikdən sığortanın şərtlərini və qaydalarını izah etmək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat vermək və.s olaraq konkret müəyyən edilmişdir.

Sığorta tarifləri.

İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

  1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;

  2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.
    Sığorta haqqı və onun hesablanması. Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır. Sığorta haqları üzrə vəsaitlərin toplanmasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir.
    Sığorta stajının hesablanması. Qanunun məqsədləri üçün sığortaolunanın sığorta stajına 2 formada müddət daxil edilmişdir ki, biri qanun qüvvəyə minənədək sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət, digəri isə bu qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddət.

Sığorta ödənişinin növləri.

İşsizlikdən sığorta ödənişinin 3 növü vardır:

  1. əsas sığorta ödənişi;

2.sığorta ödənişinə əlavə;

  1. minimum sığorta ödənişi.

Sığorta ödənişinin təyin edilməsi şərtləri və müddəti.

Sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər.
Yuxarıda göstərilən müddəaya əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir:

  1. işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə. Bu da sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə 3 formada faiz dərəcələri tətbiq olunmaqla hesablanır ki, o da sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz və sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz dərəcəsində tətbiq edilir.

  2. işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə –minimum sığorta ödənişi məbləğində. Minimum sığorta ödənişi Azərbaycan Respublikasının Prezidentitərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur

  3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılmış şəxslər yəni, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslər üçün sığorta ödənişinə 1,2 əmsal tətbiq olunur.

  4. Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) yuxarıda qeyd etdiyimiz 1-ci və 2-ci bəndlərdə göstərilən şəxslərin əsas sığorta ödənişinə bu qanunla müəyyən olunmuş əlavə almaq hüququ vardır. Onu da qeyd edək ki, bu şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır. Ailədə ər və arvadın hər ikisinə sığorta ödənişi təyin edildikdə, onlardan yalnız birinin əsas sığorta ödənişinə əlavəni almaq hüququ vardır.
    İlk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır.
    Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.
    Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz. Yəni şəxsin ilkin müraciəti əsasında təyin edilmiş sığorta ödənişini 24 ay ərzində sadəcə 9 ay ala bilər.
    Sığorta ödənişi almış şəxsə növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur.
    Sığorta ödənişinin verilməsinin dayandırılması. Sığorta ödənişinin verilməsi sığorta ödənişini alan şəxs işlə təmin edildikdə, sığorta ödənişini alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər olmadan icra etmədikdə, sığorta ödənişini alan şəxs qanunda nəzərdə tutulan sığorta ödənişinin ödənilmə müddətləri (ilkin 6, təkrar 3 ay müddət) başa çatdıqda, sığorta ödənişini alan şəxs ona təklif olunan iki münasib işdən, peşə hazırlığından və ya əlavə təhsildən imtina etdikdə, sığorta ödənişini alan şəxs sığorta ödənişi aldığı dövrdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat vermədən işə düzəldikdə və.s bu kimi hallarda dayandırılır. Bu barədə qanunun özündə daha geniş və konkret hallar müəyyən edilmişdir.
    Hörmətli oxucu, qanunvericliyimizə, eləcə də cəmiyyətin həyatına yeni daxil edilən bu qanunun tənzimlədiyi işsizlikdən sığorta sistemi işsiz vətəndaşları uzun müddət sığorta ödənişi almağa deyil, əksinə onların ixtisaslarını, təhsillərini, peşəkarlıqlarını artırmaqla, yenidən əmək bazarına qaytarılması məqsədinə xidmət etmək üçün qəbul edilmişdir.
    Onu da qeyd edək ki, işsizlikdən sığorta haqqında qanuna müraciət etməklə qısa da olsa hüquqi məlumat verməyə çalışdıq. Ancaq hər bir kəsin bu barədə aidiyyəti orqanlara müraciət etməklə daha ətraflı və dəqiq hüquqi məlumat almaq imkanı mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir