İtaliya KİV: İtaliya rəhbərliyi TAP-ı tənqid etməklə ABŞ-a təzyiq göstərir

İtaliya Trans Adriatik Boru Kəməri (TAP) layihəsini dayandırarsa, zərər 70 milyard dollar təşkil edəcək və bu da layihənin dəyərini bir neçə dəfə artıracaq.

XALQ.AZ xəbər verir ki, bu barədə italiyalı icmalçı Paolo Darpininin məqaləsində deyilir.

Məqalədə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinin həm ABŞ və Avropa, həm də Xəzər dənizi hövzəsi və Orta Asiya ölkələri üçün faydaları barədə danışılır.

“İtaliya ABŞ-ın dəstəklədiyi Azərbaycan boru kəməri layihəsini dayandırarsa, zərər 70 milyard dollar olacaq və bu da boru kəmərinin dəyərini iki-üç dəfə artıracaq. Lakin TAP yalnız İtaliya üçün nəzərdə tutulmayıb, onun “budaqları” həmçinin Balkan yarımadasından da keçir. Bundan əlavə, ilkin həcm çox aşağıdır – ildə 10 milyard kubmetr. Bunun bir hissəsi Rusiyanın “Türk axını” layihəsindən də imtina etməyən Türkiyəyə tədarük olunacaq”, – məqalədə deyilir.

Müəllif xatırladır ki, ABŞ üçün TAP Qərbi enerji ilə təmin edən fundamental strukturdur.

“Onun strateji dəyəri İtaliyadan çox, Avropaya tranzit zamanı Rusiyanın “Qazprom” şirkətinin boru kəmərlərindən istifadə etməməkdə maraqlı olan Mərkəzi Asiya ölkələri (hazırda Azərbaycan və perspektivdə Türkmənistan və Qazaxıstan) üçün əhəmiyyətlidir. Amma hazırda bu, sadəcə, bir neçə əlavə alternativdən biridir: layihə Avropanın illik istehlakının heç iyirmidə birini əhatə eləmir”, – müəllif yazıb.

Məqalədə TAP layihəsinin ABŞ prezidenti Donald Tramp üçün çox faydalı olduğu vurğulanır. Qeyd edilir ki, bu layihə vasitəsilə onun iki məqsədi var: Rusiyanın Avropaya enerji təchizatına təsir gücünü azaltmaq və Moskvanın “Nord Stream 2” qaz boru kəməri layihəsinin qarşısını almaq.

Müəllif qeyd edir ki, bu yaxınlarda TAP-ın İtaliyanın yüksək çinli rəsmiləri tərəfindən tənqid olunması dividendlər almaq üçün ABŞ-a təzyiq göstərməkdən başqa bir şey deyil.

“Əvvəlcə Rusiyaya qarşı sanksiyaları həvəslə ləğv etdirən İtaliyanın baş naziri Konte sonradan İtaliyanın Fransa, Misir və elə Rusiyanın özü ilə rəqabət apardığı Liviyada liderlik mübarizəsində ABŞ-dan dəstək almaq məqsədilə boru kəməri oyunundan istifadə edərək bütün siyasətini ABŞ-ın planlarına uyğunlaşdırıb”, – Paolo Darpini yazır.

 

 

Orxan