İtkin düşən alpinistlərin tapılması ilə bağlı – TƏKLİFLƏR

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” İdman Klubunun üç üzvü – 1983-cü il təvəllüdlü Namin Bünyadzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin bir qrup alpinist dostları itkin düşmüş alpinistlərin axtarışları üçün əlavə tədbirlərin görülməsi ilə bağlı təkliflər hazırlayıblar.

XALQ.AZ-a daxil olan məlumata görə, onlar qeyd ediblər ki, axtarışların daha səmərəli olması üçün müvafiq qurumların atacaqları addımlar, ərazidə istifadə edilə biləcək əlavə avadanlıqlar mövcuddur.

Alpinistlərin dostları itkin düşən gənclərin yerlərinin müəyyənləşdirilməsi üçün onların istifadəsində olan mobil telefonlardan alınan son siqnallarla hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, abunəçiləri olduqları mobil rabitə operatorlarından və alpinistlərdən birinin üzərində olan telefonun istehsalçısı “Apple” şirkətindən ən son siqnalların, anten məlumatlarının alındığı koordinatların müəyyənləşdirilməsini istəyirlər. Bundan başqa, dünyanın müxtəlif ölkələrində xilasetmə işlərində istifadə edilən “Ground Penetrating System” əsasında çalışan müasir texnikaların alınaraq ölkəmizə gətirilməsini təklif edirlər.

Belə avadanlıqlar sırasında 15-20 metr dərinlikdəki qar və buz altında axtarışların aparılması, qar uçqunu altında qalan qurbanların yerlərinin müəyyənləşdirilməsi üçün istifadə edilən, Kanadanın “Sensors&Software” şirkətinin istehsalı olan “SnowScan Rescue Radar”, İsrailin “Camero-Tech” şirkətinin istehsalı olan və “Sense-through-the-wall” təsvir texnologiyası ilə çalışan avadanlıq, 70 metr dərinliyə kimi metal əşyaları təyin edən detektor – MF 9700 QUINARY,  NASA-nın istifadə etdiyi  “FINDER” (FINDER Search and Rescue Technology) cihazı, -20 (mənfi iyirmi) dərəcəyə qədər termohəssaslıqla göstərən termoqrafik kameralar və digər avadanlıqlardan istifadə olunması təklif olunur. Alpinistlərin dostları müvafiq dövlət qurumlarının açıqlamalarında Quba rayonunda keçirilmiş mətbuat konfransında, yaxud KİV-də yayılan məlumatlar arasında bu avadanlıqlardan hansılardan istifadə edilməsi, hansıların istifadə edilməməsi ilə bağlı məlumatın olmadığını qeyd edirlər.

Eyni zamanda, itkin düşən alpinistlərin dostları bu sahədə peşəkar təcrübəsi olan, qardaş Türkiyədə ixtisaslaşmış  TDF (Türkiye Dağcılık Federasyonu) və 2668 əməliyyat keçirərək 2593 nəfəri xilas edən AKUT  (Arama Kurtarma Derneği) təmsilçilərinin Azərbaycana gəlmək üçün hazır olduqlarını, lakin hələ də müvafiq rəsmi icazəni gözlədiklərini bildirir və dövlət qurumlarından TDF və AKUT xilasedicilərinin də axtarış-xilasetmə prosesinə cəlb olunmasını təklif edirlər.

Rəsul