Jurnalistlər mükafatlandırıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul – Milli Mətbuatın yaranmasının 143 illiyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. XALQ.AZ məlumat verir ki,  tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli hər kəsi salamlayaraq bildirib ki, fond artıq 9 ildir ki fəaliyyət göstərir və bu illər ərzində çap mediasına 35 milyondan çox vəsait ayrılıb: “Bundan başqa fond il ərzində 3 yazı müsabiqəsi keçirir. Bu günkü müsabiqə Milli Mətbuatımızın 143 illiyinə həsr olunub. Müsabiqəyə 162 yazı daxil olub. 12 ekspert tərəfindən qiymətləndirilib və hər istiqamət üzrə 6 nəfər qalib seçilir. Ümumilikdə 114 nəfər yazı müsabiqəsinin qalibi olub”.

V.Səfərli qeyd edib ki, tədbirdə Türkiyə jurnalistlərindən ibarət 40 nümayəndə heyəti iştirak edir: “Onları salamlayır, xoş gəlmisiniz deyirik”.

Daha sonra çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur: “Düzdür, bizim dövlətçiliyimizin tarixi 100 ildən başlamır, Azərbaycanın dövlətçilik tarixi qədim dövrə təsadüf edir. Odur ki, biz bu tarixi qeyd edərkən, mediamızın da bayramını qeyd etməyi unutmuruq. Azərbaycanın mətbuatının tarixi daha əvvələ söykənir. 1875-ci ildə Azərbaycan gəncliyinin, xalqın maarifləndirilməsində, təhsilin inkişafında böyük xidmətləri olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin fəaliyyətə başlaması ilə yaradılıb. O dövrün qabaqcıl ziyalıları da bu işdə iştirak ediblər. Çar Rusiyası gənclərin maarifləndirilməsini istəmirdi. Çünki xalqlar maarifləndikcə öz hüquqlarını tələb edəcəkdilər ki, bu da onlara sərf etmirdi”.

“Əkinçi” qəzetin 2 il müddətində fəaliyyət göstərdiyini deyən Prezidentin köməkçisi qeyd edib ki, onun fəaliyyətinin dayandırılmasına bizim türk, müsəlman olmağımız səbəb oldu: “Düzdür bunun adını başqa qoydular. Amma türk-rus müharibəsinin getməsi qəzetin bağlanmasına zəmin yaratdı. Amma milli media öz inkişafını dayandırmadı. O dövrün ziyalıları, “Əkinçi” məktəbinin davamçıları mətbuatımızın inkişafında mühüm rol oynadılar. Mətbuatın inkişafında “Kaspi” qəzetinin də böyük rolu olub”.

Ə.Həsənov vurğulayıb ki, mətbuatımızın növbəti inkişaf tarixi müstəqillik dövrümüzə təsadüf edir: “Bu dövrdə media daha primitiv, sonra təkmil formada yarandı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra mətbuatımızın milli ruhunun saxlanmasında böyük rol oynadı. Zərdabi mətbuatımızın təməlinin atılmasında nə qədər rol oynayıbsa, Ulu Öndər də mətbuatımızın inkişafında bir o qədər rol oynayıb”.

Əli Həsənov Azərbaycan mətbuatının bugünkü inkişafından danışıb: “Prezident İlham Əliyev tərəfindən mətbuatımıza sistemli dəstək dövlət dəstəyi verilməyə başlanıldı. Son beş ildə 400-dən artıq jurnalist mənzillə təmin olunub. Lakin fərdi müraciət edilmiş jurnalistlərin mənzillə təmin edilməsində bir çox addımlar atılıb”.

Prezidentin köməkçisi bu gün Türkiyə və Azərbaycan mediasının həmrəy fəaliyyətinə də diqqət çəkib:” Biz bir millət iki media kimi fəliyyət göstəririk”.

Əli Həsənov çıxışının sonunda mətbuat günü münasibəti ilə jurnalistləri təbrik edib.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral Azərbaycan mətbuat nümayəndələrini təbrik edib, hər kəsə fəaliyyətində uğurlar arzu edib.

Tədbirin davamında fərdi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbir bədii hissə ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.