Jurnalistlərə mənzillərin açarları təqdim olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binadan mənzil almış KİV nümayəndələrinə yanvarın 30-da sənədlərin və açarların təqdim edilməsi mərasimi keçirilib.

XALQ.AZ  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə keçirilən tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak edib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli tədbirdə çıxış edərək jurnalistlər üçün tikilən ikinci binanın ötən ilin iyulunda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildiyini diqqətə çatdırıb, bu gün mənzillərin sənədlərinin və açarlarının sahiblərinə təqdim olunacağını vurğulayıb. Mənzillərin artıq yaşayış üçün tam hazır olduğunu deyən V.Səfərli jurnalistləri təbrik edib. KİVDF-nin icraçı direktoru dünyada analoqu olmayan belə bir nəcib təşəbbüsə görə bütün jurnalistlər adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə təbriklərini çatdıraraq, dövlətimizin başçısının ölkəmizdə mətbuata və jurnalistlərə daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb.

Son illər bəzi üzdəniraq jurnalistlərin Azərbaycanda media siyasətinin “iflasa uğraması” barədə əsassız fikirlərlə çıxış etdiklərini təəssüf hissi ilə qeyd edən Əli Həsənov həmin şəxslərin Avropanın müəyyən mərkəzləri tərəfindən ayrılan qrantlar aldıqlarını və onların maraqlarına xidmət etdiklərini bildirib. Bu günlərdə həmin jurnalistlərin TAP layihəsi əleyhinə Avropada təşkil edilən aksiyalarda iştirak etdiklərini deyən Əli Həsənov bütün bu əməllərə jurnalistlərimizin layiqli cavab verməli olduqlarını deyib.

 

Əsası “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan mətbuatının sağlam təməl üzərində inkişaf etdiyini bildirən Prezidentin köməkçisi deyib ki, media sağlam cəmiyyət formalaşdırmalı, vətəndaşlarda Vətənə, dövlətə məhəbbət hissi aşılamalıdır.

1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə mətbuat üzərində nəzarətin tamamilə ləğv edilməsinin Azərbaycanda azad medianın inkişafında mühüm rol oynadığını deyən Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev hakimiyyətinin ilk günlərindən Ümummilli Liderin mətbuata qayğı siyasətini uğurla davam etdirir.

Prezidentin köməkçisi deyib ki, bu gün Azərbaycanda media ilə münasibətlər şəffaf şəkildə – Azərbaycan Mətbuat Şurası vasitəsilə nizamlanır. Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına mənzillər tikilib onların istifadəsinə verilir. Dövlətimizin başçısı Davosdakı müzakirələrdə də Azərbaycanda internetin, mətbuat azadlığının, siyasi fəaliyyət azadlığının tam şəkildə təmin olunduğunu bəyan etdi. Bu gün Azərbaycanda yazılı mediaya da yüksək qayğı göstərilir. Çünki yazılı media hər bir ölkənin salnaməsini yaradır. Bu gün ölkəmizdə yazılı media Azərbaycan cəmiyyətinin müxtəlif sahələrdə zəngin irsinin qorunmasına xidmət edir. Məhz bu baxımdan Azərbaycanda da yazılı mediaya diqqət göstərilir.

Bildirilib ki, 2008-ci ildə KİVDF-nin yaradılması ilə Azərbaycanda mətbuata dövlət qayğısının şəffaf şəkildə həyata keçirilməsinə imkan verən mexanizm formalaşdırıldı. Bütün bunlar Azərbaycanda media siyasətinin iflasa uğradığını deyənlərin necə qərəzli olduqlarını sübuta yetirir. Odur ki, biz Prezident İlham Əliyevin media, siyasi plüralizm siyasətini ölkəmizin mühüm uğurlarından biri kimi dəyərləndiririk və bu nailiyyətlərə qarşı yönəlmiş böhtanları qəbul etmirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlərə təbriklərini çatdıran Əli Həsənov bildirib ki, dövlətimizin başçısı insanların, o cümlədən jurnalistlərin problemlərinin dövlət tərəfindən həll edilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin bu nəcib təşəbbüsləri, dövlətimizin uğurla həyata keçirdiyi nəhəng layihələr, o cümlədən TANAP, TAP və s. layihələr Azərbaycan xalqının, vətəndaşlarımızın maraqlarına xidmət edir.

2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini, həmçinin bu il növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan Əli Həsənov deyib ki, KİV nümayəndələri bununla əlaqədar təşkil olunacaq tədbirlərdə, ölkəmizin uğurlarının təbliğində, eləcə də prezident seçkilərində yüksək fəallıq nümayiş etdirəcək, jurnalistlərin dostu olan dövlətimizin başçısının ətrafında sıx birləşəcəklər.

Sonra Əli Həsənov mənzillərin sənədlərini və açarlarını jurnalistlərə təqdim edib.