Jurnalistlərə şad xəbər

Qelem

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
XALQ.AZ-ın məlumatına görə, Şuranın sədr müavini Vüqar Rəhimzadə bildirib ki, iclasın gündəliyində bir məsələ-Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümü ilə əlaqədar keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsi dayanır.

Fondun icraçı direktoru Vüqar Səfərli gündəlikdə duran məsələ ilə bağlı məlumat verərək deyib ki, müsabiqə 2014-cü il mayın 20-dən iyulun 10-dək on istiqamət üzrə keçirilib. Müsabiqəyə 66 KİV-dən 116 yazı təqdim olunub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib.

Müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının üzvləri müsabiqənin nəticələri ilə tanış olaraq şərtlərə uyğun ən yüksək bal toplamış jurnalistlər arasından qalibləri müəyyənləşdiriblər.

Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə 3 yazı müəllifi qalib elan edilib, ümumilikdə 30 jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub. On jurnalist isə həvəsləndirici mükafata layiq görülüb.

Müsabiqənin əsas qalibi olan 30 nəfər jurnalistin hər birinə 1000 manat, həvəsləndirici yerlərə layiq görülmüş jurnalistlərin hər birinə 300 manat mükafatın verilməsi barədə qərar qəbul olunub .