Jurnalistlərə şad xəbər

kiv

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KİVDF-nin təşkilatçılığı ilə fərdi jurnalist yazıları müsabiqəsi elan edilib.

Xalq.az-ın məlumatına görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi elan edilib.

Müsabiqənin məqsədi vətəndaşların əmək və sosial müdafiə hüquqlarının və bu hüquqların təminatı sahəsində aparılan işlərin KİV vasitəsilə cəmiyyətdə daha geniş təbliğinin dəstəklənməsi, əmək və sosial müdafiə sahəsi üzrə aktual mövzuların medianın gündəminə çıxarılmasına və həmin mövzularda jurnalist səriştəlililiyin artırılmasına şərait yaradılmasıdır.

Müsabiqənin istiqamət və mövzuları “Sosial müdafiə sisteminin müasir tələblərə uyğun qurulması və əhaliyə xidmətin təkmilləşdirilməsi”, “Vətəndaşların əmək hüquqlarının təminatı, əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi və qeyri-leqal məşğulluğun aradan qaldırılması”, “Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası”, “Sosial təminat və sosial xidmətlər sisteminə baxış” və “İşçi qüvvəsinin müasir əmək bazarına uyğun olaraq keyfiyyətcə yüksəldilməsi, işsiz və işaxtaran vətəndaşların fəal məşğullluq tədbirlərinə cəlb olunması”dır.
Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Təqdim olunan yazıların sərlövhələri təklif olunmuş mövzularla eyni olmalıdır.

Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir. İnformasiya agentliklərində çalışan jurnalistlərin yazıları isə son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən qəzetlərdə çap olunmalıdır. Yazılar son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda “Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazılar mayın 30-dək qəbul olunacaq.

Qiymətləndirmə zamanı mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, eləcə də ictimai maraqların müdafiəsi kimi meyarlar əsas götürüləcək.
Müsabiqənİn mükafat məbləği I yer üçün 1000 manat, II yer (2 nəfər) 700 manat, III yer (3 nəfər) 500 manat, həvəsləndirici mükafat isə 200 manat müəyyənləşdirilib.

Qaliblər, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.