Kaliforniyada Azərbaycana dair geniş mühazirə keçirilib

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya ştatının San Dieqo Dövlət Universitetinin dəvətilə həmin universitetdə 4 may 2018-ci il tarixində keçirilən elmi konfransda Azərbaycana dair geniş mühazirə ilə çıxış edib.

XALQ.AZ xəbər verir ki, Baş konsulluqdan  verilən məlumata görə, Universitetin İnformasiya Birliyi və Strategiyası Mərkəzinin keçirdiyi və tanınmış şirkətlərin və mütəxəssislərin iştirak etdiyi konfransda ticarət, təhlükəsizlik, səhiyyə, ətraf mühit və yükdək texnologiyalar üzrə müzakirələr aparılıb.

N.Ağayev, ilk öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edərək, ölkəmizin müsəlman dünyasında ilk dünyəvi respublika yaradaraq, qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verən ölkə kimi tarixə düşdüyünü bildirib. O, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğunu, 1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi yolunda önəmli və ciddi addımların atıldığını, iqtisadiyyatın müxtəlif sahələrində mühüm islahatların aparıldığını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi inkişafın bu gün uğurla davam etdyini vurğulayan N.Ağayev, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqda tədbir iştirakçılarını məlumatlandırıb. Azərbaycanda xarici sərmayələrin yatırılması üçün əlverişli şəraitin yaradıldığını və ölkəmizin infrastrukturunun və coğrafi mövqeyinin böyük regional bazarlara çıxış imkanı verdiyini bildirən diplomat Azərbaycanın regionda aparıcı iqtisadi göstəricilərə malik olduğunu qeyd edib.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri barədə məlumat verən baş konsul, ötən il açılışı baş tutmuş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi və strateji önəmini qeyd edərək, bu dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu vurğulayıb. Şimal-Cənub nəqliyyat dəhlizi haqda da danışan baş konsul bütün bu layihələrin nəticəsində Azərbaycanın dünyanın ən mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcəyini diqqətə çatdırıb.

Təqdimatda N.Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti haqda da bəhs edərək, bu işğalçılıq nəticəsində bu gün Ermənistanın bölgənin ən zəif dövlətinə çevrildiyini, bütün regional meqa-layihələrdən kənarda qaldığını diqqətə çatdırıb. Baş konsul vurğulayıb ki, məhz bu yarıtmaz siyasətin nəticəsində Ermənistan müstəqilliyini əldə etdikdən sonra 1 milyondan çox əhalisini itirərək, tamamilə xarici yardımlardan asılı vəziyyətə düşüb. N.Ağayev bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Ermənistanın regiona inteqrasiya edərək inkişaf etməsi qeyri-mümkündür. Sonda baş konsul konfrans iştirakçılarının suallarını cavablandırıb.

Kaliforniyada Azərbaycana dair geniş mühazirə keçirilib - Fotolar

 

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir