Kamran Nəbizadə tapşırıqlar verdi

2018-ci il may ayının 23-də “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə “ASK Şüşə” MMC-nin istehsal sahəsinə növbəti dəfə səfər etmişdir. Səfər zamanı istehsalat sahəsinə bir daha nəzər keçirdikdən sonra rəhbərlik və aparıcı mütəxəssisləri ilə toplantı keçirilmişdir.

XALQ.AZ xəbər verir ki, Kamran Nəbizadə çıxışında mövcud olan çatışmazlıqların aradan qaldırılması və istehsal gücü ilə birgə şüşə məmulatının çeşidlərinin artırılmasının vacibliyini bildirmişdir.

Toplantı zamanı müəssisənin aktual problemləri haqqında Kəmran Nəbizadəyə ətraflı məlumat verilmişdir. Əsas diqqət birinci sobanın ikinci xəttinin işə salınması ilə müəssisənin istehsal gücünün ildə 35-36 milyon ədəd şəffaf şüşə məhsullarının 60-70 milyona qədər çatdırılması, çeşidlərin artırılmasına yetirilmişdir. Vurğulanmışdır ki, ikinci sobanın tikintisi və istismara buraxılması ilə rəngli şüşə qabların istehsalını ildə 80 milyon ədədə çatdırılması müəssisənin prioritet məqsədidir. 

Toplantı iştirakçıları çıxış edərək müəssisənin perspektiv inkişafı ilə bağlı irad və təkliflərini söylədilər, istehsalın səmərəliliyinin artırılması mövzusunda müzakirə aparıldı. Sonda “ASK” ASC-nin Baş direktoru Kamran Nəbizadə bu məsələlərlə bağlı müəssisənin rəhbərliyi və mütəxəssislərinə tapşırıq və tövsiyələrini verdi. Qeyd olundu ki, “ASK Şüşə” MMC-də aparılan yenidənqurma işləri ölkə rəhbərliyinin iqtisadiyyat sahəsində məqsədyönlü siyasətinin əsas istiqaməti olan qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməlidır və bu müəssisənin ən prioritet vəsifəsidir.

 

 

Orxan