Kanada azərbaycanlıları İlham Əliyevə dəstək nümayiş etdirir

 

08

Kanada Azərbaycan Tədqiqatları İnstitutu Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanatla çıxış edib. SİA-nın məlumatına görə, bəyanatda Azərbaycanın və azərbaycanlıların son 10 ildə keçdiyi inkişaf yolu göstərilir. Azərbaycanın dünyanın enerji bazarında önəmli təşəbbüskar kimi nüfuz qazanması, sivilizasiyalararası dialoq məkanı kimi tanınması beynəlxalq aləmdə olan nüfuzunun göstəricisi kimi qiymətləndirilir.

Kanada azərbaycanlıları hesab edir ki, Azərbaycanın qlobal enerji və nəqliyyat–kommunikasiya layihələrinin uğurla gerçəkləşməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında rolunun artması ölkə rəhbərliyinin uğurlu fəaliyyətini nümayiş etdirir: “Demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi–siyasi mühitin yaranması, habelə ölkədə güclü insan kapitalının formalaşmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya–kommunikasiya texnologiyalarının geniş tətbiqi və digər məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yürüdülən məqsədyönlü daxili və xarici siyasətin nəticəsidir”.

Kanada Azərbaycan Tədqiqatları İnstitutu İlham Əliyevin uğurlu fəaliyyətini nəzərə alıb bütün azərbaycanlıları məhz onun namizədliyini dəstəkləməyə çağırır.