KEÇMİŞ XATİRƏLİ, BU GÜN ƏTİRLİ…

 

img_0182

(“Qənirə Paşayeva ilə addım-addım Elazığ”)
7-ci yazı
img_0182Fikirləşirəm: “Hələ yolların səbr, inad, istək, sevgi, inam istəyən nə qədər yoxuşu var… Bəzən körpü oluruq, üstümüzdən keçir zaman. Nə yazmaqla bitəsi, nə deməklə qurtarasıdı”. Elazığın enişli-yoxuşlu yolları bütün doğmalığıyla gözlərim önündən burulub keçir. Xalq şairi Rəsul Rzanın misralarını xatırlayıram:
Mənə elə gəlir ki,
Yüz min illik olsa bu yol
Yenə keçərdim onu yorulmadan.
Həsrətilə sürünə-sürünə,
yeriyə-yeriyə.
Üzümü qoyardım
ən adi, tozlu torpağına.
Yurdum! – deyə,
Anam! – deyə.
Bundan beləsini özüm düzüb-qoşuram: “Göylərinin gözəlliyi, dağlarının özəlliyi heyran qoydu məni, Elazığım… Sən necə də gözəlsən, sən necə də qocamansan və necə də cavansan belə…. “Yaraşıqlı, çiçəkli, qoynu nur çeşməli dünyamsan. Keçmiş xatirəli, bu gün ünvanlı, gələcək soraqlı” Elazığım mənim. “Baxdım sənə heyran-heyran… Baxdım, qəlbimə bahar gəldi, torpağa bahar gələn kimi”.
Qədim-qayım Türk dünyasının yolçuluğuna çıxmışam: Qədəm-qədəm, addım-addım. Ustadlar-ustadı Yunis Əmrənin səfəröncəsi qutlamasının hər şərtinə etina edirəm başdan-binədən. Dedikləri dil əzbərimdi Elazıq yolları boyu:
Hər kimə ki, dərvişlik bağışlana,
Qəlbi gedə pak ola, gümüşlənə.
Nəfsindən müşki-ənbər qoxuya,
Budağında meyvəsi gümüşlənə…
Qəlbimizin paklaşmaq, ruhumuzun tarixə qovuşmaq hücrələrindən biridi Elazıq. Tarixinə bələdlik hər şeydən öncə Məcnunluq istər. Gərək vürğünü, qədirbiləni, vəfadarı olub gələsən, çörəyini kəsib, suyundan içəsən və hər anı sənə xoş gələ. Və qiyamət gününəcən bu əhd-peymana, doğmalığa sadiq yaşayasan.
dsc07650-2 dsc08005 dsc07653 dsc07654 dsc07656 dsc07666 dsc07673 dsc07690 dsc08067 img_0134