Kopenhagen “Eurovision- 2014″ün məkanı oldu

eurovizion2012

Eurovision-2014 mahnı müsabiqəsinin keçiriləcəyi məkan məlum olub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, yarışma Danimarkanın paytaxtı Kopenhagendə baş tutacaq. Müsabiqənin keçiriləcəyi məkan bu gün səhər saatlarında Danimarka Televiziya və Radio Şirkətlər Birliyi tərəfindən açıqlanıb.

Müsabiqənin keçirilməsi ilə bağlı bir neçə şəhər namizəd olsa da, sonda bu şəhərin üzərində dayanılıb. Müsabiqənin icraçı rəhbəri Yan Ola Sand deyib ki, Kopenhagenin gələn ilki müsabiqəyə ev sahibliyi etməsi sevindirici haldır, çünki şəhər Avropada turistlərin ən çox maraq göstərdiyi şəhərlər arasındadır: “Seçim Avropa Yayımları Birliyinin də ürəyincə olub. May ayında baş tutacaq yarımfinal və final şouları “B&W Hallerne” adlanan məkanda gerçəkləşəcək”.

Kopenhagen artıq iki dəfə – 1964 və 2001-ci illərdə bu yarışmaya ev sahibliyi edib. Həmçinin 2005-ci ildə yarışmanın 50 illiyinə həsr olunmuş konsert proqramı da bu şəhərdə baş tutub.