“Kosmosa səyahət” sərgisinin ilk dünya təqdimatı olub

Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin ilk dünya təqdimatı olub.

AZADİNFORM xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Kosmosa səyahət” sərgisinin açılışı mərasimində çıxış edərək bildirib ki, sərginin bu il açılması çox əlamətdardır: “Prezident İlham Əliyevin Sərəncamı ilə bu il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub. Bu il fevralın 8-də Azərbaycanın ilk süni peyki orbitə buraxılıb”.

25

 

 

Heydər Əliyev Mərkəzinin artıq beynəlxalq sərgilər, konfranslar keçirildiyi məkana çevrildiyini deyən Anar Ələkbərov bu sərginin ərsəyə gəlməsində dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və tərəfdaş təşkilatlara təşəkkürünü bildirib.

ABŞ-ın Kosmik və Raket Mərkəzinin icraçı direktoru Debra Barnhart bu möhtəşəm sərginin təşkilinə görə Heydər Əliyev Mərkəzinə təşəkkür edib. O deyib ki, sərgidə insanın kosmos sahəsində nailiyyətlərini əks etdirən eksponatlar nümayiş olunur: “ABŞ-ın Kosmik və Raket Mərkəzi bütün dünya üzrə gənclərin məlumatlandırılması ilə məşğul olur və bu sərgi də Azərbaycan gənclərini insanın kosmos sahəsində əldə etdiyi uğurlarla tanış etmək məqsədi daşıyır”.

Alabama Elmi Kosmik Sərgisinin direktoru Rusvet Levis bildirib ki, sərginin məqsədi kosmos sahəsində yalnız keçmişdə olanları nümayiş etdirmək deyil, eyni zamanda, gələcəkdə insanların hansı nailiyyətlərə imza ata biləcəyini görmək üçün zəmin yaratmaqdır: “Ona görə də belə sərgiləri dünyanın hər yerində nümayiş etdirməklə biz əsasən gənclərin diqqətini cəlb etməyə çalışırıq”.

Sovet İttifaqı Qəhrəmanı Musa Manarov belə bir sərginin doğma Azərbaycanın paytaxtında keçirilməsinə görə təşkilatçılara minnətdarlıq edərək deyib: “Azərbaycan mənim vətənimdir. Azərbaycanda Yerin dərin qatlarına həmişə diqqət çox olub. Bunun nəticəsidir ki, Azərbaycan neft ölkəsidir. Qəhrəman Azərbaycan neftçilərinin əməyi və bu neftin sayəsində İkinci Dünya müharibəsində qələbə qazanmaq mümkün olub. Lakin hazırda Azərbaycanda diqqət səmaya yönəlir. Düşünürəm ki, gənclər getdikcə kosmosa maraq göstərəcək və gələcəkdə Azərbaycandan da astronavtlar olacaqdır”.