Lənkəranda 3 kəndə qaz verildi

5

 

Sentyabrın 23-də Lənkəranın Viyən, Yuxarı Nüvədi və Mikalon kəndlərinə təbii qaz verildi. Bu münasibətlə təntənəli açılış mərasimləri keçirildi.Açılış mərasimlərində ŞİH başçısının Viyən inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahsuvar Abdullayev, kənd sakinlərindən Baratəli Mirzəyev, İsmayıl Həsənov, İcra başçısının Səpnəkəran inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Kazımov, Yuxarı Nüvədi kənd sakini Şahrza Şəfəqqətov və başqaları çıxış edərək 20 illik fasilədən sonra əhaliyə təbii yanacağın yenidən verilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı cənab Taleh Qaraşova və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində hamılıqla dövlət başçımıza səs verəcəklərini əminliklə söylədilər.
“Azəriqaz” İstehsalat Birliyi əsaslı tikinti şöbəsinin müdiri Natiq Ələsgərov əlamətdar hadisə ilə əlaqədar əhalini təbrik etdi, onlara ən səmimi və xoş arzularını çatdırdı.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov açılış mərasimlərində əhalini təbrik edərək təbii qazın hər bir evə hərarət, bərəkət gətirməsini, “mavi yanacaq”dan yalnız xeyir işlərdə istifadə olunmasını arzuladı.
İcra başçısı daha sonra bu sevinci bizə bəxş etdiyinə görə bütün sakinlər adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə, o cümlədən “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlıq duyğularını ifadə etdi.
Sonra qazın açılışını bildirən rəmzi məşəllər alovlandırıldı.
Qeyd edək ki, Viyən kəndində 744 sayğac və fərdi tənzimləyici, 961 metr polietilen və 14 min 629 metr metal borular quraşdırılmışdır.
Yuxarı Nüvədi və Mikalon kəndlərində isə 478 sayğac və fərdi tənzimləyici, 3 min 380 metr polietilen və 31 min 537 metr metal borular quraşdırılmışdır.