Lənkəranda Hesabat

 

29

 

İyulun 15-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
İclası giriş sözü ilə ŞİH başçısının birinci müavini İlqar Dadaşov açaraq gündəlikdə duran məsələni iştirakçıların nəzərinə çatdırdıqdan sonra “2014-cü ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarımilinin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” məruzə etdi.
Məruzəçi bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər  Kabinetinin cari ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki, 2014-cü ilin  birinci yarımilində ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam  etmiş, nəzərdə tutulmuş bütün proqram və layihələrin təqvim planına uyğun icrası təmin edilmişdir. Cari ilin 6 ayında makro-iqtisadi vəziyyət sabit olmuş, ölkə üzrə ümumdaxili məhsul 2.1 faiz, qeyri-neft sektoru 7 faiz artmış, kənd təsərrüfatında 6 faiz artım olmuşdur. Ölkədə böyük tikinti layihələri icra olunmuş, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Hökumətin fəaliyyətində həmişə olduğu kimi, sosial siyasət yenə öndə olmuş, nəticədə əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmiş, pul gəlirləri 4.7 faiz artmışdır.
2014-cü  ilin  birinci  yarımilində Lənkəran rayonunun da  sosial-iqtisadi inkişafı artan templə davam etmişdir. Altı ay ərzində rayonda ümumi məhsul buraxılışı 3.8 faiz artaraq 144.7 milyon  manat  təşkil  etmişdir. Sənayedə 9.5 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 8.8 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 2.8 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 66.8 faiz təşkil etmişdir.
Cari  ilin  birinci  yarımilində aqrar  sahədə də işlər  davam  etdirilmişdir. 29.5 milyon manatlıq  kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu  da  əvvəlki dövrə nisbətən 6 faiz çox  olmuşdur.
Sahibkarlığın inkişafı nəticəsində rayonda sənayedə istehsalın həcminin 66.8 faizi, aqrar  bölmədə 99 faizi və pullu xidmətlərin 77.4 faizi özəl bölmənin payına düşür.
Altı ay ərzində Sahibkarlığa Kömək Milli Fondu  tərəfindən    sahibkarlara və  iş  adamlarına  964 min 500 manat güzəştli kredit  verilmişdir.
Rayonda geniş abadlıq və quruculuq işləri aparılır. Şəhərin giriş qapısı olan Ürgə-Göyşaban kəndi ərazisində, beynəlxalq hava limanı yolunda, şəhərin Akademik Zərifə Əliyeva, F.Məmmədov, Ş.Axundov, P.Təhməzov, Koroğlu küçələrində və Həzi Aslanov xiyabanında müasir hasarlar tikilərək ağ laylarla üzlənmiş, səkilərə tamet və bardürlər düzülmüş, müasir küçə işıqlandırıcıları quraşdırılmışdır. Milli Qəhrəman Əsgər Əliyev adına park yenidən qurulmuş, parka daha keyfiyyətli   tamet döşənmiş və yeni bardürlər düzülmüş, müasir işıqlandırıcılar quraşdırılmış, dekorativ ağac və gül kolları əkilmiş, divarlar ağ layla üzlənmişdir. Parkda Milli Qəhrəman Əsgər Əliyevin büstü yenidən mərmər üzlüklə işlənmişdir.
Xocalı soyqırımı abidə-kompleksində yeni tamet, bardür düzülmüş, abidə ətrafına qranit döşənmiş, abidə arxasındakı güşə yenilənmiş, müasir işıq dirəkləri quraşdırılaraq istifadəyə verilmişdir.
Ümumilikdə rayon ərazisində küçə, bağ və parklarda divarlara 13250 kvm ağ lay vurulmuş, səkilərə 21400 kvm tamet və 5 min paqonometr bardür düzülmüş, 300-dən artıq yeni işıq dirəkləri quraşdırılmış, iki ədəd çoxmərtəbəli yaşayış binasının ümumilikdə 3500 kvm dam örtüyü əsaslı təmir edilərək yenidən qurulmuş və bir ədəd dördmərtəbəli binanın fasadına müasir üslubda üzlüklər döşənərək rənglənmişdir. Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 15 çoxmərtəbəli yaşayış binasının ikisində bərpa-gücləndirmə işlərinə başlanılmışdır. Hazırda rayon ərazisində abadlıq və quruculuq işləri davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq 10 min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18.8 km-lik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilərək istifadəyə verilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin müraciətinə əsasən “Azəryolservis” ASC tərəfindən ikinci dərəcəli Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 38.4 km hissəsinin 10 km əsaslı təmir olunaraq istifadəyə verilmiş, bu yolun daha 3.5 km hissəsinin təmiri nəzərdə tutulmuşdur.
Cari ilin 6 ayında şəhər İcra hakimiyyəti tərəfindən Dövlət vəsaiti hesabına şəhərdaxili küçələrdə 25000 kvm yol əsaslı təmir edilmiş, rayonun Darquba kəndində 2500 kvm, Boladi kəndində 750 kvm, Liman şəhərində 4500 kvm yola asfalt döşənmişdir.
Rayonda 70 ailə, 258 nəfər məcburi köçkün müvəqqəti məckunlaşmışdır. Onların sosial-məişət  problemlərinin həlli istiqamətində müntəzəm iş aparılır. Şəhər İcra hakimiyyəti tərəfindən qacqın  və  məcburi  köckünlərə  2014-cü ilin  6 ayında  3 min  manatlıq  ərzaq  yardımı  verilmişdir.
Cari ilin birinci yarımilində rayonda 1325 yeni iş yeri açılmışdır, onlardan 1036 daimi iş yerləridir.
Əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilmişdir.
Lənkəran Qaz İstismar Sahəsi 2014-cü ilin birinci yarımilində əhalinin və müəssisələrin təbii qazla təminatı sahəsində bir sıra işlər həyata keçirmişdir. Rayonun Sütəmurdov kəndində 1000 paqonometr metal boru, 3758 ədəd yeni sayğac və tənzimləyici quraşdırılmışdır. Abonentlərin sayı 3103 nəfər olan 6 kənd yaşayış məntəqəsi mavi yanacaqla təmin edilmişdir. Hazırda Lənkəran və Liman şəhərləri  də daxil olmaqla rayonun 54 yaşayış məntəqəsi mavi yanacaqdan istifadə edir.
42 saylı Yol İstismar İdarəsi tərəfindən idarənin balansında olan avtomobil yollarında cari təmir işləri aparılmışdır. Rayonun Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunda bir ədəd, Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda bir ədəd körpü tikilmiş və Daşdatük kəndi ərazisində Bəşəruçayın üzərində yeni körpünün inşası başa çatdırılmışdır.
İ.Dadaşov məruzədə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində görülən işlər barədə məlumat verdi, bəzi nöqsanları diqqətə çatdırdı.
Məruzəçi qeyd etdi ki, yeni istifadəyə verilən, müasirliyi ilə seçilən Lənkəran Gənclər Mərkəzi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi yerinə çevrilmişdir. Buraya gələn gənclərə təkcə asudə vaxtlarını deyil, eyni zamanda, milli və vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə idman dərnəkləri fəaliyyət göstərir və milli intellektual oyunlar keçirilir. Gənclər yaradılmış şəraitdən səmərəli istifadə etməyə çalışırlar.
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində təxirə salınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində geniş izahat və təbliğat işləri gücləndirilməli, fiziki cəhətdən sağlam, bilikli gənclərin seçilməsi və onların hərbi təhsil müəssisələrinə göndərilməsi işi daim diqqət mərkəzində saxlanılmalıdır.
Rayonda gənclərin həqiqi hərbi xidmətə çağrılması istiqamətində ardıcıl  iş aparılır. 2014-cü ilin 6 ayı ərzində 422 nəfər həqiqi hərbi xidmətə yola salınmışdır. Gənclərin hərbi xidmətə yola salınması təntənəli şəkildə təşkil olunmuşdur.
2014-cü ilin birinci yarımilində rayonun hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlara qarşı mübarizə, ictimai asayişin mühafizəsi və ictimai təhlükəsizliyin təmin olunması sahəsində ardıcıl işlər görülmüşdür.
Cari  ilin  birinci  yarımilində  şəhər  İcra  hakimiyyəti  başçısı  yanında  Şuranın 12 iclası keçirilmişdir. İclaslarda 15 məsələ  müzakirə  olunaraq  müvafiq  qərarlar  qəbul  edilmişdir.
Altı ay ərzində şəhər İcra hakimiyyəti başçısının 24 qəbulu keçirilmiş və 709 vətəndaş qəbul edilmişdir. Həmin dövrdə şəhər İcra hakimiyyəti başçısı tərəfindən ayrı-ayrı yaşayış yerlərində 22 səyyar qəbul-görüş keçirilmiş və bu görüşlərdə 8060 nəfər iştirak etmiş, 198 vətəndaş dinlənilmiş və onlar tərəfindən  235 məsələ qaldırılmışdır.
Hazırda rayonda qəsəbə və kəndlərin, yeni yaşayış məhəllələrinin daxili yollarının təmiri, elektrik transformatorlarının, dirəklərinin, naqillərin yenisi ilə əvəzlənməsi, izafi suların axdığı kanal və arxların təmizlənməsi işləri davam etdirilir.
Aqrar sahədə işlərin surətləndirilməsi, əkin sahələrinin genişləndirilməsi, çayçılığın inkişafına  diqqətin  artırılması, sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni istehsal obyektlərinin yaradılması  və  iş  yerlərinin  açılması  nəzərdə  tutulmuşdur.
2014-cü il cənab Prezident İlham Əliyev tərəfindən “Sənaye ili” elan edilmişdir. Bununla əlaqədar Lənkəran sahibkarları və iş adamları ilə söhbət aparılmış, onlara rayonun iqtisadi tələbatına uyğun istehsal və emal müəssisələrinin yaradılması tövsiyə edilmişdir. Bunun nəticəsidir ki, şəhərdə 1 çörək zavodu, yem fabriki tikilib istifadəyə verilmiş, digər Çörək zavodunun və Lənkəran Mexanikləşdirmə MMC-də yeni istehsalat sexlərinin tikilməsinə başlanılmışdır. İstehsal müəssisələri fəaliyyətə başladıqdan sonra burada 380 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
Turizmin inkişafı ilə əlaqədar şəhərdə 11 mərtəbəli 5 ulduzlu Otel-Cotec kompleksinin tikintisi davam etdirilir.
Məruzə ətrafında şəhər Maliyyə şöbəsinin rəisi İqbal Rəcəbov, Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Allahyar Salayev, ŞİH başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nail Əbilov və Lənkəran Çörək zavodunun direktoru Fikrət Xəlifəli çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verdilər.
İcra başçısının birinci müavini İlqar Dadaşov Şura iclasını yekunlaşdıraraq növbəti yarım ildə qarşıda duran vəzifələri uğurla icra etməkdən, mövcud problem və nöqsanları aradan qaldırmaqdan ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.