Lənkəranda növbəti görüş

30

İcra başçısı Lənkəran şəhərinin “Böyük bazar” yaşayış məntəqəsinin əhalisi və mikrarayon sakinləri ilə keçirib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sentyabrın 17-də “Böyük bazar” yaşayış məntəqəsinin əhalisi və mikrorayon sakinləri ilə görüşdü.Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.Görüşü  giriş sözü ilə Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi  Vidadi Dadaşov açaraq ərazi barədə məlumat verdi.Sonra ayrı-ayrı sakinlər çıxış edərək arzu, təklif və rəylərini söylədilər.Xudaş Miriyev, Rafiq Məmmədov, Malik Qədimov, Füzuli Hüseynov, Ənivəs Məhərrəmova, Səadət Əliyeva və başqaları Lənkəran şəhərində aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri – şəhərin su-kanalizasiya xəttinin yenilənməsi, təbii qazla təchizatı, yolların asfaltlaşdırılması, istirahət parklarında, bağ və xiyabanlarda əlverişli şəraitin  yaradılması, Heydər Əliyev Xatirə parkının  və Mərkəzi Rayon Xəstəxanasının, Heydər Əliyev prospektinin, Şəhidlər Xiyabanı küçəsinin yenidən qurulması, Gənclər Mərkəzinin tikilməsi münasibətilə, eləcə də bugünkü əmin-amanlıq və sabitlik üçün möhtərəm Prezidentimiz İlham Əliyevə və İcra başçısı Taleh Qaraşova dərin minnətdarlıqlarını bildirdilər.Çıxışlarda birmənalı olaraq vurğulandı ki, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində hamı bir nəfər kimi ölkə başçısının namizədliyini dəstəkləyəcək, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısına səs verəcəklər.Sonra bir neçə sakin şəxsi xahişi ilə İcra başçısına müraciət etdi.Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov görüş iştirakçılarını diqqətlə dinlədi, bugünkü görüşün açıq dialoq və diskussiya şəraitində keçdiyini vurğuladı. Lənkəranın hərtərəfli inkişafının bu gün göz qabağında olduğunu söyləyən İcra başçısı bu əlverişli şəraitin möhtərəm Prezident tərəfindən yaradıldığını diqqətə çatdırdı və görüş iştirakçıları, bütün lənkəranlılar adından dövlət başçımıza minnətdarlığını bildirdi.Taleh Qaraşov Lənkəran şəhərində, rayonun qəsəbə və kəndlərində tikinti, quruculuq və abadlıq işlərinin bundan sonra da ardıcıllıqla davam etdiriləcəyini əminliklə söylədi, hamını Lənkəranı respublikanın ən yaraşıqlı və abad şəhərinə çevirmək üçün birlikdə səy göstərməyə və ölkə başçısının ətrafında sıx birləşməyə çağırdı.İcra başçısı sonda bugünkü görüş zamanı qaldırılan təkliflərin icrası üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.