Lənkəranda Qələbə günü qeyd olunub

Mayın 9-da Lənkəran şəhərində alman faşizmi üzərində qələbənin 73-cü ildönümü təntənə ilə qeyd olunub. 

XALQ.AZ xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Naməlum Əsgərin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında ümumrayon tədbiri keçirilib.

T.Qaraşov və tədbir iştirakçıları cəsur həmyerlimizin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Daha sonra Həzi Aslanovun şəhərin mərkəzindəki ev-muzeyinə baş çəkən rayon rəsmiləri qəhrəmanın həyat və döyüş yolunu əks etdirən ekspozisiyalarla tanış olublar. Bayram şənliyi şəhərin mərkəzində yerləşən “Boranı” restoranında ziyafət stolu arxasında davam etdirilib.