Lerikdə Heydər Əliyev anıldı

LL

XALQ.AZ xəbər verir ki, Heydər Əliyev Mərkəzində YAP Lerik rayon təşkilatının təşkilatçılığı, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələri və YAP fəallarının iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Konfrans iştirakçıları şəhər mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Tədbiri giriş sözü ilə YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov açdı. Ümummilli lider Heydər Əliyevin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra konfransda YAP Lerik rayon təşkilat sədrinin müavini, rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”,  YAP Lerik rayon təşkilatı idarə heyətinin üzvü Arzuman Cəfərov “Heydər Əliyev və Azərbaycan gənclər strategiyası”, YAP Lerik rayon təşkilatı qadınlar şurasının üzvü Rəvanə Nəhmətova “Heydər Əliyev və  Azərbaycanda dövlət  qadın siyasəti” mövzusunda məruzə ilə çıxış etdilər. Vurğulandı ki, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır” deyən, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndər, millət fədaisi daim xalqımız tərəfindən ehtiramla yad edilir, xatirəsi əziz tutulur. Hər il ümummilli liderin doğum günü silsilə tədbirlər keçirilir, həyatı və fəaliyyəti haqqında gənc nəslə məlumat verilir. Xalqımızın çoxəsrlik dövlətçilik ənənələri əsasında demokratik hüquqi dövlət quruculuğu strategiyasını və milli inkişaf konsepsiyasını praktiki şəkildə uğurla gerçəkləşdirən Ulu Öndər Heydər Əliyevin respublikamızın tənəzzül edən dövlətdən dinamik tərəqqi edən ölkəyə, hazırda sosial-iqtisadi yüksəliş tempinə görə dünyada lider dövlətə çevrilməsində xidmətləri əvəzsiz və danılmazdır. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Azərbaycanın indiki qarışıq, təlatümlü dünyada və eləcə də həddindən artıq mürəkkəb Qafqaz regionunda tutduğu yerinin, onun strateji əhəmiyyətinin düzgün müəyyən edilməsi də mühüm və vacib məsələlərdən idi. Bütün bu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün müasir dünyadakı hadisələrin siyasi gedişini dərindən bilmək və mövcud şəraiti düzgün qiymətləndirmək, nəticə çıxarmaq bacarığı tələb olunurdu. Heydər Əliyev təcrübəli dövlət başçısı və bacarıqlı  siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəldi. Bu gün bəşər tarixinin ən qüdrətli dövlət və siyasət adamları, dahi və müdrik şəxsiyyətləri sırasında layiqli yer tutan ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsi indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur. Konfransın sonunda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Yeni Azərbaycan Partiyasının yaranmasından bəhs edən sənədli  film nümayiş olundu.