Lerik xəstəxanasında yenilik

Lerik Mərkəzi Rayon Xəstəxanasının uşaq xəstəlikləri şöbəsi əsaslı təmirdən sonra istifadəyə verilmişdir

21

 

Sentyabrın 14-də Lerik Mərkəzi Rayon Xəstəxanasının uşaq xəstəlikləri şöbəsi əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Xalq.az  xəbər verir ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Lerikin mərkəzi xəstəxanasının pediatriya şöbəsinin təmiri” layihəsinin başa çatması münasibətilə mərasim keçirilmişdir.
Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev, xəstəxananın baş həkimi Mübariz Ağayev və başqaları rayonun səhiyyə işçilərini əlamətdar hadisə münasibətilə təbrik etmişlər. Azərbaycanda yerli əhəmiyyətli sosial məsələlərin həllinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıq ifadə olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, layihə üzrə qrant müqaviləsi Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi arasında 2013-cü il martın 4-də imzalanmışdır.
Layihənin əsas məqsədi Lerik şəhərində və kəndlərində yaşayan uşaqlar üçün tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdır.
Ümumi məbləği 123246 ABŞ dolları təşkil edən layihədən faydalanacaq uşaqların sayı 22 min nəfərdir.
Bildirilmişdir ki, hazırkı layihə də daxil olmaqla indiyədək Yaponiya hökuməti tərəfindən Lerik rayonunda 3 layihə üzrə qrant müqaviləsi imzalanmışdır.
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində 2003-cü ildə Lerikdə orta məktəbin inşası üçün 80813, 2012-ci ildə Şingədulan kəndində tibb məntəqəsinin tikintisinə 102696 ABŞ dolları məbləğində qrant ayrılmışdır.
Tədbir iştirakçıları xəstəxanasının uşaq xəstəlikləri şöbəsində əsaslı təmirdən sonra yaradılan şəraitlə yaxından tanış olmuşlar.