Lerikdə yeni inşa olunmuş məktəblərdə açılış oldu

0033

Sentyabrın 16-da Lerik rayonunun Livədirqə və Molalan kənd ümumi orta məktəbləri üçün inşa edilmiş yeni binalar müəllim və şagirdlərin ixtiyarına verilmişdir.

Xalq.az  xəbər verir ki, yeni təhsil ocaqlarının istifadəyə verilməsi münasibətilə keçirilmiş mərasimlərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, ağsaqqallar, ziyalılar, ictimaiyyətin nümayəndələri müəllim və şagirdləri əlamətdar hadisə – yeni tədris ilinin başlanması və məktəb binalarının istifadəyə verilməsi münasibətilə təbrik etmişlər.
Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq inşa edilmiş, hər biri 180 yerlik olan Livədirqə və Molalan kənd ümumi orta məktəblərinin binaları lazımi avadanlıq və dərs ləvazimatları ilə təmin olunmuşdur.
Bildirilmişdir ki, ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində son illərdə respublikamızda mühüm nailiyyətlər əldə edilmişdir.
Dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələr simasını dəyişmiş, müasirləşmiş, əhalinin rifah halı daha da yüksəlmişdir. Məhz bu inkişafın nəticəsidir ki, bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur.
Mərasimdə ucqar dağ rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə olunmuşdur.

006