Leriklilər həmişə Ulu öndərin siyasətinə sadiq olublar

01

 

Yeni Azərbaycan Partiyasının Seçki Qərargahının Lerik rayon şöbəsinin təbliğat qrupunun üzvləri Lerik rayonun Əliabad kənd inzibati ərazi dairəsinə daxil olan Əliabad, Soru, Gürdəsər və Camaşair kəndlərində seçicilərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov son illər Respublikanın hər yerində olduğu kimi, Lerik rayonunda da cənab İlham Əliyevin qayğı və diqqəti ilə həyata keçirilən quruculuq- abadlıq işləri haqqında geniş məlumat verib: “Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində son 10 ildə Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib. Ümummilli liderin zəngin təcrübəsi, şəxsi nüfuzu nəticəsində 19 il bundan əvvəl bağlanmış neft müqaviləsi nəticəsində bugünkü inkişafımızın təməli qoyulsa da, sonrakı illərdə cənab İlham Əliyev neftdən gələn gəlir nəticəsində digər sahələrin inkişaf etdirilməsini təmin edib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının, təhsilin, səhiyyənin, mədəniyyətin, turizmin, idmanın və digər sahələrin inkişafına nail olmaq məqsədilə çoxsaylı dövlət proqramları qəbul edilib. Azərbaycanın ən ucqar rayonları, qəsəbə və kəndləri əsl inkişaf yolu keçib. Əliabad və Gürdəsər kəndlərində yeni məktəb binaları tikilib. Sentyabrın 14-də cənab Prezidentin imzaladığı sərəncamla bu kəndlərin də intensiv istifadə etdikləri Noda-Şingədulan-Xanagah yolunu tikintisi üçün vəsait ayrılıb. Məndə olan məlumata görə, artıq operativ şəkildə layihələndirmə işlərinin aparılması üçün gələn mütəxəssislər işə başlayıb. 2012-ci ilin aprel ayında cənab İlham Əliyevin imzaladığı Sərəncamla ayrılmış büdcə vəsaiti hesabına Lerik-Qosmalian-Kələvəz avtomobil yolu yüksək səviyyədə tikilib istifadəyə verilib. Son 10 ildə rayonumuzda müasir tələblərə cavab verən 44 yeni məktəb binası tikilib, 8-i əsaslı təmir edilib, Lerik şəhər 3 nömrəli və Nücü kənd tam orta məktəbləri üçün əlavə korpuslar inşa edilib. Piran, Blaband, Şingədulan və adlarını sadalamadığım bir neçə kənddə yeni tibb məntəqələri, körpülər, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün çoxmənzilli yaşayış binaları və fərdi evlər tikilib. Uzun illərdən sonra Noda, Vizəzəmin, Piran, Günəşli və Cəngəmiran kəndlərinə gedən yollara asfalt üzlük döşənib, Lerik şəhəri əsl şəhər görkəmi alıb. Cənab İlham Əliyevin tapşırığı ilə rayonumuzun elektrik təsərrüfatı yenilənir. 17 Mvt gücündə modul tipli elektrik stansiyası tikilir. Lerik şəhərinə yeni içməli su xətti çəkilir. Kanalizasiya şəbəkəsinin qurulması istiqamətində işlər yekunlaşmaq üzrədir. Bir sözlə, hər kəs bilir ki, Azərbaycan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımlayır. Bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə MDB məkanında və Cənubi Qafqazda lider ölkədir. Bunun nəticəsidir ki, son 10 ildə büdcə gəlirləri, valyuta ehtiyatımız, əməkhaqları və pensiyalar dəfələrlə artıb. Azərbaycan artıq qonşu ölkələrdə investisiya layihələri həyata keçirən ölkəyə çevrilib. Ona görə də mən Ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın gələcək inkişafı, dövlətçiliyinin daha da möhkəmləndirilməsi naminə hamınızı 9 oktyabrda keçiriləcək Prezident seçkilərində ailəliklə məntəqələrə gedərək, İlham Heydər oğlu Əliyevə səs verməyə dəvət edirəm”.

Daha sonra çıxış edən təbliğat qrupunun üzvü Azərbaycan Tibb Universitetinin kafedra müdiri, əməkdar elm xadimi Əlihüseyn Hidayətov bildirib ki, Ulu öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan İlham Əliyev dünyada tanınan və böyük dövlət rəhbərləri tərəfindən qəbul edilən bir liderdir: “Son 10 ildə Azərbaycanın güclü inkişafı, əldə etdiyi uğurlar, xüsusilə qeyri-neft sektoru və regionların inkişafına, millətin gələcəyini təmin edən təhsilin, mədəniyyət və səhiyyənin inkişafına göstərdiyi diqqət onu xalqımızın sevimlisinə çevirib. Bu gün neftdən gələn gəlir çox şəffaf şəkildə digər sahələrin inkişafına yönləndirilir. Xüsusilə Azərbaycanın işıqlı gələcəyini təmin edən kadrların yetişdirilməsi məqsədilə gənclərin dövlət vəsaiti hesabına dünyanın tanınmış universitetlərinə göndərilməsi, bu sahəyə aid Dövlət Proqramının təsdiq edilməsi dediklərimə əyani misaldır”.

Daha sonra Ə.Hidayətov bir səhiyyə işçisi kimi son illər ölkəmizdə səhiyyənin inkişafını, yeni tibb ocaqlarının, diaqnostik mərkəzlərin tikildiyini, səhiyyə xidmətinin pulsuz elan olunduğunu, Azərbaycan səhiyyəsinə ən müasir avadanlıqların gətirildiyini qeyd edib: “Bütün seçiciləri gələcəyimizin təminatçısı, Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizəd İlham Əliyevə səs verməyə çağırıram”.

Tədbir iştirakçılarından Əliənnağı Ağayev, Əkrəm Abdullayev və başqaları çıxış edərək İlham Əliyevin Lerikə göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildiriblər. Qeyd olunub ki, Leriklilər həmişə Heydər Əliyev siyasətinə sadiq olublar və 9 oktyabrda da hamılıqla onun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.