Litva Seyminin nümayəndələri Bakida görüşlər keçirir-Fotolar

 

Litva Respublikası Seyminin sədr müavini xanım İrena Şiaulienenin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 19-da Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

 

*****

 

Oktyabrın 19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin sədr müavini xanım İrena Şiaulienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov Azərbaycanla Litva arasında sıx münasibətlər olduğunu söyləyib. Bildirilib ki, ölkə başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin daha da dərinləşməsinə müsbət təsir göstərib. Müxtəlif səviyyələrdə bu cür səfərlərin həyata keçirilməsi ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.

Spiker tərəflər arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu xüsusi qeyd edərək, bunun həyatın digər sahələrində də özünü göstərdiyini deyib. Bildirilib ki, ölkələrimizin qanunvericilik orqanları arasında yaxşı əlaqələr qurulub. Hər iki parlamentdə dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Münasibətlərimizin inkişafında bu qruplar xüsusi rol oynayır. Məhz qrup üzvlərinin mütəmadi təmasları bütövlükdə parlamentlər səviyyəsində əlaqələrin intensivləşməsinə müsbət təsir göstərir.

Oqtay Əsədov cari ilin aprel ayında Litva-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Xocalı soyqırımının ildönümü ilə bağlı müraciətin qəbul olunmasının Azərbaycan ictimaiyyəti tərəfindən dost addımı kimi qiymətləndirildiyini söyləyib. O, ümidvar olduğunu bildirib ki, Litva Seymi də gələcəkdə bu məsələ ilə bağlı müvafiq sənəd qəbul edəcək.

Sədr qonağın diqqətinə çatdırıb ki, artıq 14 dövlət, bir beynəlxalq təşkilat və ABŞ-ın 20-dən artıq ştatı Xocalı soyqırımını tanıyıb, ərazilərimizin Ermənistan tərəfindən işğalını pisləyən sənədlər qəbul edib.

Milli Məclisin sədri Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Tvinninq layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edilib ki, 2009-2011-ci illərdə Milli Məclis və Litva Seymi məhz bu layihə çərçivəsində səmərəli əməkdaşlıq həyata keçiriblər. Spiker ümidvar olduğunu bildirib ki, bu cür layihələr Avropa Qonşuluq Siyasətinin Azərbaycan üzrə Fəaliyyət Planında qeyd olunmuş prioritet tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verəcək.

Oqtay Əsədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyi arxitekturasına mühüm töhfələr verdiyini, qarşıdakı yaxın illərdə TANAP və TAP kimi qaz layihələrinin reallaşacağını söyləyib. Bildirilib ki, ölkəmiz böyük İpək yolunun bərpasında fəal iştirak edir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində əməli addımlar atılır. Bu layihələr yük daşımaları baxımından Litva üçün də əhəmiyyətlidir.

Xanım İrena Şiauliene ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Litva Azərbaycanı özünə strateji tərəfdaş hesab edir və Cənubi Qafqazın bu bölgəsi ilə həyatın müxtəlif sahələrində əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayan qonaq deputatlarımızın müxtəlif beynəlxalq tədbirlərdə görüşlərinin və qarşılıqlı səfərlər zamanı aparılan danışıqların önəmini qeyd edib.

Söhbət zamanı siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin daha da dərinləşməsi, parlamentlər səviyyəsində münasibətlərin inkişaf perspektivləri barədə və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Kamran Nəbizadə, səfirlər Həsən Məmmədzadə, Valdas Lastauskas və digər rəsmi şəxslər iştirak ediblər.

 

 

 

*****

 

Ölkəmizdə səfərdə olan Litva Seyminin sədr müavini İrena Şiaulienenin başçılıq etdiyi parlament nümayəndə heyəti oktyabrın 19-da Milli Məclisdə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.
Qonaqları salamlayan Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə bildirdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq sürətlə inkişaf edib. Dövlət başçılarının qarşılıqlı səfərləri, parlamentlərarası əlaqələrin genişlənməsi bu əməkdaşlığın inkişafına yeni töhfələr verir. Millət vəkili qeyd etdi ki, iki ölkə arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir, lakin onların daha da dərinləşdirilməsinə ehtiyac var. Mədəniyyət və humanitar sahələrdəki əlaqələr isə xalqlar arasındakı dostluğun  möhkəmləndirilməsinə xidmət edir.
Görüşdə həmçinin Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlığının vacibliyi qeyd edildi.
Litva Seyminin sədr müavini, Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü  İrena Şiauliene ölkəsinin Azərbaycanla əlaqələrinə mühüm əhəmiyyət verdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji və nəqliyyat layihələri Avropa regionu üçün böyük önəm kəsb edir. Qonaq Litvanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini inkişaf etdirmək istiqamətində atdığı addımları aktiv dəstəklədiyini də dilə gətirdi.
Söhbət zamanı iki ölkənin parlamentlərarası münasibətlərinin inkişaf perspektivləri və qarşılıqlı ticarət dövriyyəsinin artırılması istiqamətində də fikir mübadiləsi aparıldı.
Görüşdə  Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kamran Bayramov, Fuad Muradov, Dilarə Cəbrayılova, Sona Əliyeva, Tahir Mirkişili, Elşad Həsənov, hər iki ölkənin səfirləri Həsən Məmmədzadə, Valdas Lastauskas və digər rəsmi şəxslər iştirak edirdilər.

Фото Hasanov Elshad.

Фото Hasanov Elshad.

 

 

Scroll to top