Lütfi Zadənin cənazəsi Bakıya gətirilib

LUTV

 

Mərhumun cənazəsi xüsusi ayrılmış maşında Heydər Əliyev Beynəlxalq Aeroportundan Heydər Məscidinə aparılıb.

ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub. O, ibtidai təhsilini burada 16 saylı məktəbdə alıb, on yaşında ikən ailəsi ilə birlikdə İrana köçərək 1930-cu illərdə Tehranda təhsilinə davam edib, 1944-cü ildə isə müvəffəqiyyətlə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. Lütfi Zadə 1944–1959-cu illər arasında Amerika Birləşmiş Ştatlarının Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr və doktorluq elmi dərəcələrini alıb, 1959-cu ildən Kaliforniya ştatındakı Berkli Universitetinin ömürlük professoru seçilib, 1963-cü ildən isə bu ali məktəbin elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib və Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri kimi fəaliyyət göstərib.

Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadə dünya elmi fikrinə layiqli töhfələr vermiş görkəmli şəxsiyyətlərdəndir. Adı elm tarixinin köklü dəyişikliklər yaratmış böyük simaları ilə bir sırada çəkilən alim mühüm kəşflərdən sayılan fundamental nəzəriyyələr irəli sürüb. Yeni texnologiyalara güclü təsir göstərməklə həmin nəzəriyyələr diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsaslarının yaradılmasını təmin edib, müasir idarəetmə elminin bünövrəsini qoyub. Bir sıra araşdırma mərkəzləri idarəetmə sistemlərini Lütfi Zadənin nəzəriyyələri əsasında tədqiq edir və layihələndirir.

Alimin ardıcıl tədqiqatları nəticəsində irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müstəsna əhəmiyyətə malik olub, müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz buraxmış və yeni yanaşma üsulları meydana gətirib. İnformasiya texnologiyalarında ciddi dəyişikliklərə yol açan və sənaye proseslərinin idarə olunmasında uğurla istifadə edilən nəzəriyyə nəhəng elektron şirkətlərində özünün geniş tətbiqini tapıb. Hazırda sənayenin bəzi sahələri məhz qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanmaqdadır. Dünyanın aparıcı şirkətləri Lütfi Zadənin nəzəriyyələrindən bəhrələnməklə yüksək iqtisadi səmərəliliyə nail olublar.

Bir çox ölkələrin akademiyalarının, o cümlədən ABŞ Milli Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçilən professor Lütfi Zadə mötəbər beynəlxalq cəmiyyətlərin, qurumların və fondların mükafatlarına layiq görülüb, onlarla ölkənin nüfuzlu universitetinin fəxri doktoru adını qazanıb. Lütfi Zadə elm və texnologiyaların inkişafına verdiyi dəyərli töhfələrinə, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Dostluq” ordeni ilə təltif edilib.

Görkəmli alim Lütfi Zadə 2017-ci il sentyabrın 6-da ömrünün 97-ci ilində vəfat edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda cənazənin qarşılanmasında elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Scroll to top