Məhkəmə Hüquq Şurasından mühüm Qərar

 

Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə geniş iclası keçirilib.

XALQ.AZ Məhkəmə Hüquq-Şurasına istinadən bildirir ki, iclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dünyanı iqtisadi böhran bürüdüyü şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının təmin olunduğunu, sosial və iqtisadi layihələrin uğurla icra edildiyini məmnunluqla diqqətə çatdırıb.

Nazir qeyd edib ki, Ali Məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi əvvəllər ümumiləşdirilib, məsələyə həssaslıqla yanaşılması məhkəmələrə tövsiyə edilib:

“Bu sahədə kobud pozuntulara görə, Məhkəmə-Hüquq Şurası tərəfindən 15 hakim ciddi intizam məsuliyyətinə cəlb edilmiş, 3 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilmişdir. Bununla belə köklü dönüş baş verməmiş, həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməklə, alternativ tədbirlərə lazımi diqqət yetirilməmişdir. 

Məhkəmələrdə baxılan cinayət işlərinin və bütövlükdə məhkumetmənin sabitliyi ölkəmizdə ictimai təhlükəsizliyin və hüquq qaydasının təmin edilməsində önəmli nailiyyətdir. Lakin təəssüf ki, barəsində həbs qətimkan tədbiri seçilən və həbs müddəti uzadılan, habelə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin sayı xeyli artmışdır. Bununla əlaqədar həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması ilə bağlı təcrübə Ali Məhkəmə tərəfindən ümumiləşdirilərək bu günlərdə Plenumun geniş iclasında müzakirə olunmuş, bu sahədə mövcud nöqsanların aradan qaldırılması və vahid məhkəmə təcrübəsinin yaradılması məqsədilə bütün məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınıb”. 

Həmçinin, Şurada Sərəncamda verilmiş tapşırıqların icrası məqsədilə yaradılmış Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin birgə işçi qrupunun məlumatı dinlənilib.

Cəza siyasətinin humanistləşdirilməsi üzrə cinayət qanunvericiliyinə 200-dən artıq dəyişikliyin edilməsi, o cümlədən iqtisadi sahədə törədilən bir çox cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetməyə alternativ cəzaların nəzərdə tutulması ilə bağlı, habelə, şərti məhkum etmə və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi barədə hazırlanmış mühüm qanun layihəsi ətraflı müzakirə edilib. 

Eyni zamanda bildirilib ki, Sərəncamda nəzərdə tutulmuş tövsiyə və tapşırıqların dərhal icrasına başlanılması nəticəsində 450-yə yaxın həbsdə olan şəxs qanuni əsaslarla istintaq təcridxanalarından azadlığa buraxılmış, təcridxanalara daxil olan həbs edilmiş şəxslərin sayı xeyli azalıb.

Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər Şura üzvləri iclasda çıxış edərək Sərəncamın insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında, ədalətli cəza siyasətinin formalaşdırılmasında proqram xarakteri daşıdığını bildirib.

İclasda Sərəncamın dürüst icrasının təmin edilməsi məqsədilə hakimlərin və istintaq orqanlarının məsuliyyətinin yüksəldilməsi, yol verilən pozuntulara qarşı barışmaz münasibət göstərilməsi, həbs qətimkan tədbirinin seçilməsi təcrübəsinin mütəmadi təhlil olunaraq ümumiləşdirilməsi, həbs müddətinin uzadılmasına yeni, təsirli nəzarət mexanizmlərinin işlənilməsinin və ədalətli cəza siyasəti formalaşmasının zəruriliyi vurğulanıb.

Şurada ötən il məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətlərinin daha da genişləndirilməsi ilə bağlı mütərəqqi dəyişikliklər edilməsi, o cümlədən məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən olunması səlahiyyətinin Məhkəmə-Hüquq Şurasına həvalə edilməsi diqqətə çatdırılıb.

Bununla əlaqədar iclasda məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı apellyasiya məhkəmələrinin təklifləri dinlənilib, məhkəmələrin iş yükü üzrə aparılmış təhlillər və onun mütənasibliyi nəzərdən keçirilib və ərazi yurisdiksiyası zəruri dəyişikliklər edilməklə yenidən təsdiq olunub.

İclasda həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə 6 hakim barədə intizam icraatı başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir