Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlər ölkələrimiz arasında əlaqələrin mövcud səviyyəsindən və siyasi dialoqun inkişafından məmnunluq ifadə ediblər. XİN başçıları bu xüsusda Azərbaycan Respublikası və Ukrayna arasında yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Prezidentlər Şurası, Hökumətlərarası birgə Komissiya, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini, habelə XİN-lərarası siyasi məsləhətləşmələrin rolunu yüksək qiymətləndiriblər.

Tərəflər Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb marşrutlarını qeyd edərək, bu layihələrin ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar açdığını bildiriblər.

Görüş əsnasında nazirlər BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Söhbət zamanı ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, enerji, elm-təhsil, turizm, kənd-təsərrüfatı, mədəniyyət, əczaçılıq və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə nazirlər həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir