Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

XALQ.AZ xəbər verir ki, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda ilk olaraq Gədəbəy rayon sakini Məzahət Mahmudovun özünü jurnalist kimi qələmə verən Gədəbəy rayon sakini Fəqani Hüseynova qarşı şikayəti araşdırılıb.

Komissiya üzvləri bildiriblər ki, şikayət buna səbəb olan materialın cavabdeh media orqanında dərc edilməsi, yaxud yayımlanması prinsipi ilə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na (AJPDQ) əsasən dəyərləndirilir. F. Hüseynovun dərc edilmiş və ya yayımlanmış yazısı olmadığından Şikayətlər Komissiyası dəyərləndirmə aparmır.

Mövcud istiqamətdə şikayətçi tərəfə konkret tövsiyələr verilib.

Komissiya üzvləri Bakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərovun bir qrup xəbər portalına qarşı müraciətini nəzərdən keçirərək belə rəyə gəliblər ki, materialları şikayət doğurmuş kütləvi informasiya vasitələri 22 nömrəli məktəbdə şagirdin zorakılığa məruz qalması xüsusunda xəbər hazırlayarkən, AJPDQ-nın prinsiplərini pozmayıblar. Onlar şagirdin valideyninin verdiyi xəbərlə yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və hüquq-mühafizə orqanlarının da mövqeyini öyrəniblər. KİV balans prinsipini qorumaqla xəbərin yanlışlığına aydınlıq gətiriblər. Cavabdeh media orqanlarının iclasda iştirak edən təmsilçiləri təhsilin inkişafına dəstək vermək naminə 22 nömrəli məktəb adına yayılmış yanlış informasiyanın nəticələrinin aradan qaldırılmasına dəstək verəcəklərini də bildiriblər.

Bakı şəhərinin Suraxanı rayonunun Bülbülə qəsəbəsinin sakini Nağı Allahverdiyevin Baku Press Milli İnformasiya Agentliyinin təsisçisi Şəfəq Ağabalayevaya qarşı şikayətinə baxan komissiya üzvləri şikayətçi tərəfin yetərli dəlillər təqdim etməməsini, Komissiyanın müzakirəsinə qatılmayaraq mövqeyini əsaslandırmamasını nəzərə alaraq şikayəti geri qaytarıblar.

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin “Nyus.az”saytı ilə bağlı müraciətinin araşdırılması tərəflər arasında qarşılıqlı anlaşmanın əldə olunması ilə yekunlaşıb.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.