Mədət Quliyev Faiq Ağayevin yubiley konsertində – fotolar

Dekabrın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində xalq Artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

XALQ.AZ  AzərTac-a istinadən xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, mədəniyyət və incəsənət xadimləri, tanınmış ifaçılar və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Xalq Artistinin həyat və fəaliyyətindən bəhs edən, yaxınlarının, sənət dostlarının onun haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş etdirilib. Konsert proqramı Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında Faiq Ağayevin repertuarından mahnıların səsləndirilməsi ilə davam edib.

Daha sonra səhnəyə çıxan Faiq Ağayev ona verilən bu dəyərə görə tədbirin təşkilatçısı olan Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinə və iştirakçılara təşəkkürünü bildirib, repertuarındakı mahnılardan bir neçəsini ifa edib.

Qeyd edək ki, Faiq Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il “Bakı payızı-88” respublika müsabiqəsinin qalibi olub. O, 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin (indiki Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) solistidir. 1995-ci ildə müğənninin “Ola bilməz” adlı ilk albomu buraxılıb. Dövlət tərəfindən yaradıcılığı yüksək qiymətləndirilən Faiq Ağayevə 2000-ci ildə Əməkdar Artist, 2008-ci ildə isə Xalq Artisti fəxri adı verilib.

Pərəstişkarları arasında “Cənab Qızıl Şlyager” adını qazanan Faiq Ağayevin indiyədək 140-dan çox solo konserti olub.