Məhkəmə diplomatik qalmaqal yaradıb

narimanov-bina

Pakistanın Azərbaycandakı səfirliyinin yerləşdiyi ərazi ətrafında başlayan məhkəmə qalmaqalı ilə bağlı AzNews.az-a ilginc məlumat daxil olub.

Xatırladaq ki, bir müddət əvvəl Nərimanov rayonu Atatürk prospekti, 30 ünvanında yerləşən səfirlik ərazisinin mülkiyyətçisi olan Məhərrəmova Cəlilə Asanpaşa qızı məhkəmədə mülki iddia qaldırıb.

Həmin iddiaya əsasən Cəlilə Məhərrəmova səfirliyin yerləşdiyi inzibati ərazidən çıxarılmasını istəyib. Nərimanov rayon Məhkəməsi iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarıb. Çıxarılan məhkəmə qərarı iki dövlət arasında bir sıra narazılıqlara səbəb olmaqla yanaşı, diplomatik qalmaqal yaradıb.

Pakistan səfirliyi yerli instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Məlumata görə, əsas hadisələr də bundan sonra başlayıb. Bakı Apellyasiya Məhkəməsi şikayət daxil olduğu vaxtdan 16 gün ərzində Nərimanov rayon Məhkəməsinin qərarını ləğv edib.

İddiaçının vəkili Adəm Məmmədov 16 gün ərzində məhkəmə tərəfindən ədalətli araşdırma aparılmasını şübhə altına alıb.

Vəkil AzNews.az-a açıqlamasında deyib ki, Bakı Apellyasiya Məhkəməsi prosessual-hüquq normalarını və Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozub: “Bu qərarla bağlı tərəfimdən Ali Məhkəməyə kassasiya şikayəti verilib. Əgər iddiaçının pozulmuş hüquqları Ali Məhkəmə tərəfindən bərpa olunmazsa, biz öz hüquqlarımızın tanınması üçün Avropa İnsan Hüquqları Məhkəməsində müraciət edəcəyik”.

İşin ən ilginc məqamı isə naməlum şəxslərin pəncərənin dəmir çərçivəsini kəsərək, Nərimanov Məhkəməsində işə baxaraq iddianı təmin edən hakim Arif İsmayılovun
xidməti otağına daxil olmasıdır. A.Məmmədov bunun məhz həmin məhkəmə prosesi ilə əlaqəli olduğunu düşünür: “Hakimin otağından bir sıra sənədlər oğurlanıb və otağa xeyli ziyan vurulub. Bu hadisə qeyd etdiyim mülki işlə bağlı qərar qəbul edildiyi gündən sonra baş verib. Hal-hazırda bu faktla bağlı araşdırmalar aparılır”.

Qeyd edək ki, 07.07.2013 tarixində AzNews.az Nərimanov
Rayon Məhkəməsinə naməlum şəxslərin daxil olması, divarlara təhqiramiz ifadələrin yazılması ilə bağlı məlumat vermişdi. Maraqlıdır ki, aidiyyəti qurumlar belə bir hadisənin baş vermədiyini açıqlamışdılar. Vəkilin dedikləri isə xəbərimizi bir daha təsdiqləyir.