Məktəb direktorlarının işə qəbulu başlayır

 

vezi

Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiq edilib.Təhsil Nazirliyindən XALQ.AZ-a verilən xəbərə görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.

Elektron ərizələrin qəbulu 1-15 aprel 2017-ci il tarixlərində həyata keçiriləcək. Bu mərhələdə namizədlər hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçə bilərlər. Qeydiyyatdan keçmək istəyən şəxslər miq.edu.az/direktorlar səhifəsinə daxil olmalıdırlar.

İmtahan mərhələsində namizədlərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim olunan konkret mövzu üzrə elektron qaydada esse yazmaq tələb olunur.