Məmmədyarov məktub göndərdi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Belarus xarici işlər naziri Vladimir Makey iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

XALQ.AZ xəbər verir ki, XİN-dən  verilən məlumata görə, E.Məmmədyarov məktubda həmkarı Vladimir Makeyi Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib. Bu ildönümünün iki ölkə üçün əlamətdar və həm də rəmzi xarakter daşıdığını qeyd edən Azərbaycanın XİN başçısı iki dövlətin liderlərinin müdrikliyi və səyləri sayəsində ölkələrimiz arasında sıx əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

E.Məmmədyarov məktubunda qarşılıqlı etimad, hörmət və dostluq prinsipləri üzərində qurulan çoxillik və məhsuldar Azərbaycan-Belarus əməkdaşlığının xoş ənənələrinin müasir dövrdə ölkələrimiz arasındakı əlaqələrin möhkəm əsasını təşkil etdiyini qeyd edib. O bildirib ki, intensiv siyasi dialoq, sosial-iqtisadi əlaqələr, beynəlxalq arenada qarşılıqlı dəstək, humanitar əməkdaşlığın davamlı şəkildə dərinləşdirilməsi ilə xarakterizə olunan ikitərəfli münasibətlər xüsusi əhəmiyyətli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Belarus xarici işlər naziri Vladimir Makey Elmar Məmmədyarova ünvanladığı məktubda 25 il ərzində Belarus-Azərbacan münasibətlərinin iki xalqın dostluğu, qarşılıqlı anlaşma və etimad ənənələri üzərində qurularaq strateji xarakter aldığını və siyasi, sosial, iqisadi və humanitar sahələri əhatə etdiyini vurğulayıb.

Vladimir Makey ali və yüksək səviyyədə dövlətlərarası təmasların dinamik şəkildə inkişaf etdiyini və bir sıra ikitərəfli iqtisadi layihələrin həyata keçirildiyini bildirib. O həmçinin, ölkələrimizin beynəlxaıq arenada mövcud olan problemlər və təhdidlərə münasibətdə oxşar mövqe tutduğunu və bir-birinə qarşılıqlı dəstək göstərdiyini diqqətə çatdırıb.

Məktubda nazir Vladimir Makey Belarus-Azərbaycan münasibətlərinin bugün olduğu kimi gələcəkdə də məhsuldar və məzmunlu olacağına inamını ifadə edib. Azərbaycan və Belarus arasında diplomatik əlaqələr 11 iyun 1993-cü ildə qurulub.

 

 

Orxan