Məmmədyarov konqresmenlərlə Qarabağı müzakirə edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və ikitərəfli platformada əməkdaşlığın daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov qonaqlara Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılmış və gündəmdə olan genişmiqyaslı enerji layihələri, qeyri-neft sektorunun inkişafı istiqamətləri barəsində məlumat verib. Regionda sabitlik və təhlükəsizlik üçün başlıca təhdid olan Dağlıq Qarabağ münaqişəsi barəsində danışan nazir beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə cəhdlərin yolverilməz olduğunu söyləyib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin də tələb etdiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının labüdlüyünü və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri Robert Qutlat ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini deyib və əməkdaşlığın müxtəlif sahələri üzrə əldə edilmiş uğurların yeni perspektivlər vəd etdiyini söyləyib.

Görüşdə həmçinin beynəlxalq və regional gündəliyin müxtəlif məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

Elgün