“Mən qəpik-quruşa ssenari yazmıram”

Samir

Samir Sədaqətoğlu: “Bizim tamaşaçılarımız çox ayıq-sayıq tamaşaçıdır, hələ ki, oxucularımız tamaşaçılarımız səviyyəsində deyil”

“Roman yazmaq xətrinə uzun əhvalatlar danışmaq istəmirəm…”

– İlk baxışdan ədəbi fəaliyyətiniz kənardan elə görünür ki, gah bir müddətə fəallaşırsınız, gah da geri çəkilirsiniz. Bu “qabarma və çəkilmə”ləri “Sənət qəzeti”ndəki fəaliyyətinizə də aid etmək olar. İstərdim söhbətimizə elə bu “qabarma və çəkilmə”lərin səbəbindən başlayaq. 

– “Sənət qəzeti” artıq tarixdir. Pis-yaxşı biz orada özü sözümüzü dedik. Mən bir də bu keçilmiş mərhələyə qayıtmaq niyyətində deyiləm. Və yəqin ki, “Sənət qəzeti” bir daha nəşr olunmayacaq. Digər tərəfdən isə düşünürəm ki, hər bir insan öz işiylə diqqət mərkəzində olmalıdır. Ortada nəsə bir iş olmadan görünməyi sevmirəm. Hazırda çoxlu çap olunmamış yazılarım, pyeslərim var. Onların bəziləri 5-6 il əvvəl yazılıb, amma çap etdirmək həvəsində olmamışam. Çap problemim yoxdur, düşünürəm hər hansı pyes çap olunmaqdansa, səhnələşdirilsə daha yaxşıdır. Siz “qabarma və çəkilmə”, gündəmdə olmaq  deyərkən nəyi nəzərdə tutursunuz bilmirəm, bu mövsüm mənim ssenari müəllifi olduğum, serial təcrübəmizdəki bütün rekordları yeniləyən “Toy gecəsi” serialı həftədə iki dəfə efirdə oldu, milyonlarla insanın böyük rəğbətini qazandı. Bu yaradıcı fəaliyyət, gündəmdə olmaq deyil? Yəni mən hər zaman işimlə ortalıqda olmaq istəyirəm, yoxsa tez-tez boş-boş açıqlamalar verib gündəmdə qalmağın nə mənası var?

– Teleseriallar barədə söhbət düşmüşkən deyim: seriallarımızın arzu olunan  səviyyəyə çatması üçün nələr etməyə ehtiyac var? 

– Xarici ölkələrdən fərqli olaraq Azərbaycanda teleserialların çəkilməsinə dövlət maliyyə ayırır. Bu çox yaxşı haldır, mən buna görə dövlətimizə, onun rəhbərliyinə təşəkkür edirəm. Onlar da bu köməyi Azərbaycan kino sənətinin, dilimizin, mədəniyyətimizin inkişafı üçün edirlər. Bizim tamaşaçılarımız çox ayıq-sayıq tamaşaçıdır, hələki oxucularımız tamaşaçılarımız səviyyəsində deyil. Çünki televiziya elədir ki, zorən insanların evinə girir. Bizim tamaşaçının müqayisə etmək imkanları var. Ən azı Rusiyada, Türkiyədə çəkilən teleseriallara baxan Azərbaycan tamaşaçısı bizim seriallarla onların işləri arasındakı fərqi görür və müqayisə apara bilir. Ancaq oxucularımızın çoxunun dünya ədəbiyyatında gedən proseslərdən xəbəri yoxdur, bu mənada tamaşaçılarımız oxucularımızdan daha informasiyalıdır və onları təəccübləndirmək, tələblərinə cavab vermək daha çətindir. Məsələn, bu gün Azərbaycanda mafiya barədə teleseriallar çəkilir, tamaşaçılarsa “Kurtlar Vadisi”ni izləyiblər. Təbii ki, “Kurtlar Vadisi”nə baxmış adam həmin teleserialları bəyənmir. Biz mafiya haqqında o zaman teleserial çəkə bilərik ki, o ya “Kurtlar Vadisi”ndən daha maraqlı, orijinal, ya da heç olmasa onun səviyyəsində olsun. Əks halda, Azərbaycan tamaşaçısı bizim çəkdiyimiz mafiya serialını qəbul etməyəcək. Bundan başqa, bəzən çəkilən teleseraillarda mövzu seçimləri düzgün olmur, aktyorlar var ki, ancaq sözləri əzbərləyib oxuyur, oyunlarında heç bir hiss-həyəcan yoxdur. Yaxud rejissorlarımız hadisə yox, əhvalat çəkirlər. Hadisə olmayanda da dinamika olmur. Teleserial elə olmalıdır ki, tamaşaçı ekrandan bircə an da gözünü çəkə bilməsin. Əgər seriala baxarkən tamaşaçı özünü  “rahat” hiss eləyirsə, həyəcan və əsəb keçirmisə, gərginlik içində deyilsə, deməli, uğursuzluq qaçılmazdır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda bu sahə 2-3 ildir fəaliyyət göstərir. İş olan yerdə nöqsan da olar. İnsanların əməyini dəyərləndirmək, onlra dəstək olmaq lazımdı. Tədricən hər şey yoluna düşəcək. Qardaş Türkiyə təcrübəsi göstərdi ki, illər ötdükcə bu sahədə qazanılan uğurlarla beynəlxalq arenaya çıxmaq mümkündür. Sizə belə bir sual verim: İlk yazdığınız şeirlərlə indikilərin səviyyəsi eynidirmi?

– Xeyr.

– Teleseriallar da belədir, yazıldıqca, çəkildikcə püxtələşəcəyik, təcrübəmiz artacaq.

–  Teleserial ssenarilərinə görə aldığınız əmək haqqı sizi qane edirmi? Bu sahəni də “ucuz ət” məsələsinə çevirmək istəyənlər varmı?

– Bu, bir qədər həssas və ağrılı məsələdir. Rejissorlar istəyirlər ki, az pula yazan ssenaristlərlə işləsinlər. Ucuz ətinsə şorbası olmur. Mən qəpik-quruşa ssenari yazmıram və bunun əleyhinəyəm. Yaxşı iş, reytinq istəyirlər, amma yaxşı pul vermək istəmirlər. Bir seriyaya 200-250 manat təklif edirlər, o pula mən heç vaxt ssenari yazmaram. O işi görməkdənsə saytların hansındasa redaktor işləməyi üstün tutaram. Ancaq bir məsələ də var ki, həmin o 200-250 manatı almaq üçün min yolla minnətçi düşən adamlar da az deyil və nəticədə də meydana keyfiyyətsiz işlər çıxır.

– “Həbsxanada bayram” pyesinizi oxudum, çox bəyəndim, oliqarxların teatrları hörümçək toru kimi bürüdüyü dövrdə, Sizin bu pyesiniz heç bir bədii xüsusiyyətinə görə onlarınkından geri qalmır, əksinə dinamizmi, obrazların canlılığı, konfliktin sonacan qorunması və s. cəhətdən də üstünlükləri göz önündədir. Amma pyesləriniz nadir hallarda teatr səhnələrində görünür. Buna səbəb nədir, teatr rəhbərləri ilə münasibətləriniz pisdir, yoxsa əsərlərinizin səhnələşdirilməsi üçün təşəbbüs göstərmirsiniz?

–Gəlin açıq danışaq. Bu gün teatr xadimlərinə təqaüdlər kəsilir, teatrların binaları təmir olunur, ölkə rəhbəri fəxri adlar verir, dövlətin dəstəyi ilə müxtəlif müsabiqələr, festifallar keçirilir. Yəni dövlət əindən gələni edir. Problemləri yaradansa aidiyyatı qurumlarda çalışan məmurlardır. Azərbaycanda teatr sahəsində ən böyük problem teatr direktorlarından başlayır. Teatr direktorlarının pyes zövqü balıq kimi sürüşkəndir, mən hələ də o “balığı” əldə saxlamaq üçün onun harasından yapışmaq lazımdır deyə düşünürəm, amma cavab tapa bilmirəm. Adətən, teatr direktorları özlərini sığortalamaq üçün hansısa bir əcnəbi dramaturqun pyesini, bir-iki Azərbaycan klassikinin əsərini repertuara daxil edirlər. Yerdə qalanlarsa hansısa tanışlıqla və ya maraqlar çərçivəsində səhnələşdirilən əsərlər olur. Aktyorlar da narazılıq edir ki, obraz, xarakter yoxdur. Hansısa tanışlıqla, nəyə görəsə səhnəyə qoyulmuş əsərdə hansı xarakterdən söhbət gedə bilər? Məsələn, bir pyesim haqda Azərbaycanın tanınmış rejissorlarından biri dedi ki, əla əsərdir, filan direktor qəbul eləsə, məmnuniyyətlə səhnələşdirərəm. Direktor da oxudu, bəyəndi, bir neçə dəfə də bu işdən ötrü həmin teatra gedib-gəldim. Teatr direktoru nəhayətdə dedi ki, sən bu əsərin xərcini çək, biz bunu səhnəyə qoyaq. Bir daha o teatra üz tutmadım. Bir dəfə də gördüm ki, müsahibə verib deyir: bizim gənc dramaturqlarımız yoxdur, teatrda müasir həyatı əks etdirən əsərlər tapılmır, yazın, gətirin, bizim teatrın qapısı hər bir dramaturqun üzünə açıqdır və s. Özü də elə işıqlı, nurani bir sifətlə danışırdı ki, məəttəl qaldım. Amma yaxşı adamlar da var, bu yaxınlarda bir nəfər dedi ki, sənin bir əsərini səhnələşdirmək istəyirik. Belə hallarla rastlaşanda adam həqiqətən də sevinir, ümidlənir.

– Bəs bu cür riyakarlar və xeyirxahlar arasında yazıçı kimi yorulmursunuz?

– Bəzən bezirəm. İndi işıqlı adamlar çox azalıb, ona görə də həyat sanki bir az boz, qaranlıq görünür. Az da olsa xeyirxah adamların olması çox yaxşıdır, əks təqdirdə həyat daha da zülmət olardı. Amma mən həmişə inanmışam ki, gələcək daha yaxşı olacaq. Yaradıcı insan üçün istedad, zəhmət, şans əsas amillərdir. Şanslı olmasam da, həmişə inamlı olmuşam və bir çətinlik olanda da düşünmüşəm ki, bunu da aşacam, çünki işıqlı adamlara güvənmişəm. Bilirsiniz, insan hələ doğulmamışdan onun qarşısını kəsəcək bəzi divarlar mövcud olur. Sonra insan özü münasibətiylə, xarakteriylə bilərəkdən, ya bilməyərəkdən öz qarşısında bəzi divarlar “hörməyə” başlayır. Və sonra da ömrü boyu o divarları yarıb keçməklə, özünə yol açmaqla məşğul olur. Kimlərsə bu divarları aşıb keçir, kimlərsə həmin divarlar qarşısında aciz qalır. Bu, dünya yaranandan belə olub. Bu məqam hətta nağıllarımızda da kodlaşdırılıb. Nağıllarımızda istəyinə çatmaq üçün mütləq divlərə qalib gəlmək lazımdır. Bəlkə bu, bir təsadüfdür, ya burda metafizik nəsə var, bilmirəm, amma bu gün kimi aydın bir fakfdır ki, “divar” sözünün ilk  hecası “DİV”dir. Bu divlərə və divarlara yalnız özlərinə inananlar qalib gəlirlər. Hər insanın içində bir istedad, bir qəhrəman var. Yalnız içindəki o istedadı reallaşdıra bilənlər son nəticədə qalib gəlir, vətəni, xalqı üçün elə işlər görürlər ki, əsl qəhrəmana çevrilirlər.

– Şeir, hekayə və pyeslər yazırsınız. Müxtəlif janrlarda yazmağınız, hansısa vahid istiqamətdə peşəkarlaşmağınıza mane olmur ki?

– Yazarkən qarşıma məqsəd qoymuram ki, şeir, hekayə, ya pyes yazacağam. Heç bir əsəri hansısa janrda yazmağı mən müəyyən etmirəm. Mövzu özü əsərin janrını diktə edir. Məsələn, yol gedə-gedə içimdə şeir doğur, mən onu beynimdəcə əzbərləyirəm və evə gedib köçürürəm. Elə əsərlərim var ki, onların süjetini yuxuda görmüşəm və oyanıb yazmışam. Yaxud elə olmuş hadisələr var ki, 10 ildən sonra yazıya çevrilib. Müxtəlif janrlarda yazmaq isə qətiyyən peşəkarlığa mane olmur, çünki yazacağım janrı mən müəyyənləşdirmirəm, bir daha təkrar edirəm, bunu mövzu özü müəyyən edir.

–Amma nəsr haqqında belə plansızlıq, məncə, çox da uyğun deyil…

–“İlan ağzından çıxan” adlı bir hekayəm var.  Bir dəfə güclü yağış yağırdı, takisylə yol gedirdim, sürücü dedi ki, evdə ilan saxlayıram və bu haqda uzun-uzadı danışmağa başladı. Onun danışdığı əhvalatdan illər sonra bu hekayəni yazdım. Mövzu özü mənə diktə etdi ki,  məni hekayə kimi yaz, pyes kimi yox. Düzdür, bütün qələmə aldığım proza və dram əsərlərinin mözusu, ideyası, bəzən illərlə içimdə arıtlanır, təmizlənir, ətə-qana dolur, sonra  günün birində qəfildən yazıya çevrilmək istəyir. Bax, onda oturub bir nəfəsə yazıram. Amma sualınıza cavab olaraq deyim ki, bütün bunlara baxmayaraq yazdığı mətn, yaratdığı obrazlar üzərində hökmranlıq edən yazıçıları sevmirəm, çünki yazıçı idarə müdiri deyil əlinin altındakılara göstəriş versin, ona görə də sizin dediyiniz planla yaza bilmirəm.

–Elə əsəriniz varmı ki, həm proza, həm də pyes kimi yazasınız?

– Hə, olub. “Ölüyaran” adlı bir povestim var, sonradan o əsəri pyes kimi də işlədim. Bir ölüyaran dostum var idi, həmişə onu danışdırırdım, suallar verib nələrsə öyrənirdim. Bir gün çox sual verdiyimi görüb dedi ki, birdən yazarsan ha, mənim adım-zadım olar, qətiyyən istəmirəm. Onu sakitləşdirdim. Sonralar yazıb həmin əsəri hazır variantda ona verdim, oxuyub heyrət elədi. Sonra bir təklif oldu, həmin hekayəni “Yaşamaqdan yorulmaq” adlı pyes kimi işlədim.

–Pyes yazanda dramaturq həm də yaratdığı obrazları səhnədə canlandıracaq aktyor potensialını nəzərə alır. Sanki yaratdığı obrazlar da dramaturqu idarə edir. 

–Bayaq da dedim, yazar mövzunu idarə eləmir. Təbii ki, içimdə daxili bir senzura olur, amma o senzura mətni yönləndirmir. Dramaturji əsərdə nəsr əsərindən fərqli olaraq heç bir obraz elə-belə yaranmır, heç bir hadisə elə-belə baş vermir və heç bir hadisənin, obrazın adını çəkib üstündən keçə bilməzsən. Dramaturq əsərdəki bütün obrazları bir-bir həyatın süzgəcindən keçirib xarakter kimi tamaşaçıya təqdim eləməlidir. Ona görə də bəzən yaratdığım obrazlar mənim nəzərdə tutmadığım həyatı yaşamalı olurlar. Mən sadəcə yazıram, seyr edirəm, onların şəxsi həyatına heç bir müdaxilə etmirəm.

– Nə əcəb indiyəcən romanınız çap olunmayıb, roman bumuna öz töhfənizi verməmisiniz? (gülürük)

–Bizdə yalnız bum var, roman isə demək olar ki, yoxdur. İnsanların əməyini yerə vurmaq istəmirəm, amma təəssüf ki, gündə bizə roman kimi təqdim olunanların çoxunun bu janra heç bir aidiyyatı yoxdur. Bir çoxlarından fərqli olaraq uzun bir əhvalat yazıb adını roman qoymaq istəmirəm. Yoxsa mənim də indiyə 5-6 romanım çap olunardı. Bir romanım var, amma müəyyən səbəblərə görə onu çap etdirmək niyyətində deyiləm. Yenə deyirəm, bu gün Azərbaycanda roman adına təqdim edilən əsərlərin çoxu roman deyil, uzun əhvalatdır. Əhvalatçılğın prozaya heç bir aidiyyatı yoxdur. Yəqin Siz də rast gəlmisiniz, elə insanlar var, başlarına gələn əhvəlatları o qədər maraqlı şəkildə danışırlar ki, adamlar cınqırını çıxarmadan, nəfəs dərmədən saatlarla onları dinləyirlər. Amma nə həmin adama yazıçı, nə də onun danışdığı əhvəlatları olduğu kimi qələmə alıb adına proza demək olar. Yazıçı ilə əhvalat danışan adamın arasında fərq olmalıdır. Bax, o fərq ədəbi mətndir, bax, o fərq ədəbiyyatdır. Əgər nə vaxtsa mövzu diqtə etsə, mən o mövzunu ürək genişliyiylə, cani-dildən roman kimi yazacağam. Amma mən hazırki durumda bir çox dostlarımızdan fərqli olaraq dəbə uyub roman yazmaq xətrinə o cür uzun əhvalatlar danışmaq istəmirəm…

Fərid Hüseyn

“Kaspi” qəzeti