Mən toy müğənnisi deyiləm ki

03
Əməkdar artist Tünzalə Ağayeva sosial şəbəkədəki fəallığından söz açıb.

Axşam.az-ın məlumatına görə, müğənni adı ilə bağlı olan profillərin özünə məxsus olduğunu bildirib.

Sənətçi İnstaqramdan sevənlərinə yeniliklərini çatdırmaq üçün istifadə etdiyini deyib:

“Facebookda, İnstaqramda bacardığım qədər fəal olmağa çalışıram. Tvitterdə isə o qədər də çox qala bilmirəm. İnstaqram bir çoxlarından fərqli olaraq mənim üçün xoş ünsiyyət vasitəsidir. Yeni fotolarımı, səfərlərimi orada sevənlərimlə bölüşürəm. Kiməsə söz atmaq mənim üslubuma uyğun deyil. Belə vasitələrlə söz çatdırmağı xoşlamıram”.

Yeniliklərindən danışan əməkdar artist duet hazırladığını açıqlayıb:

“Çox duet təklifləri alıram. Onların hamısını qəbul etmirəm, aralarında mənim oxu tərzimə uyğun olmayanları da var. Samir Piriyevlə bir duet oxuyacağıq. Sözləri Əhməd Şəfəqə, musiqisi isə mənə aid olan gözəl bir mahnıdır. İndi Ankarada verəcəyim konsertin hazırlıqlarına başlamışam. İstəyirəm, Ankara Simfonik Orkestri ilə işbirliyim uzunmüddətli olsun. Bakıda da fərqli konsertlər fikirləşirəm. Onlardan birində məhz orkestrlə çıxış edəcəm. Ənənəmə sadiq qalıb caz qrupumla da konsert hazırlayacam”.

İstirahətə vaxt tapmayan T. Ağayeva mövsümə görə dincələ bilmədiyini deyib:

“Mən sırf toy müğənnisi deyiləm ki, mövsüm bitəndən sonra istirahət elan edim. Başqa cavabdeh olduğum işlər var. İstirahəti ancaq özüm təyin edirəm, fəsillər, bayramlar və ya digər vasitələrlə yox. Bu aralar da dincələ bilməyəcəm, çünki bir çox yeniliklər var ki, onları çatdırmalıyam”.