Mətanət A şirkətində qalmaqal

matan

Burada çoxları belə işləyir, pul əvəzi evlərini, maşınlarını şirkətin prezidenti Elxan Bəşirovun adına keçirirlər…”

Redaksiyamıza Bakı şəhəri, Özbəkistan küçəsi 7, mənzil 6 ünvanında yaşayan Zamin Zakir oğlu Bəkirovun şikayət ərizəsi daxil olub. Şikayət ərizəsində bildirilir:

“Mən 2011-ci ilin yanvar ayından 2013-cü ilin əvvəlinə kimi “Mətanət A” şirkətində işləmişəm. İşlədiyim müddətdə şirkətin vitse-prezidenti Fuad Bəşirov dəfələrlə söz verdi ki, mənimlə qanunu əmək müqaviləsi bağlanacaq. Ancaq işlədiyim iki ildən çox bir müddətdə nə əmək haqqım tam ödənildi, nə də mənimlə əmək müqaviləsi bağlandı. Bu barədə narazılığımı bildirəndən sonra Fuad Bəşirov məni otağına çağırıb, haqqımda xoş sözlər deməyə başladı. O, bildirdi ki, əgər bu şirkətdə rəsmi və yaxşı bir vəzifədə işləmək, ayda da 2000-3000 manat əmək haqqı almaq istəyirsənsə, əvvəlcədən mənə 10000 manat gətir, səni bu işə düzəldim. Mən isə dedim ki, bu qədər pulum yoxdur. Fuad Bəşirov qayıtdı ki, “sənin “Mercedes” markalı avtomaşının var. Onu keçirdərsən mənim bacım qızı Maya Yusubovanın adına. Biz də sənə maşını sürməyə bir illik etibarnamə verərik. Maşın olur bizim 10000 manat əvəzi. Sən də birinci gündən işə çıxacaqsan və ayda 2000-3000 manat əmək haqqı alacaqsan. Bununla da 3-4 aya maşının pulunu çıxaracaqsan”. Sonra da dedi ki, burada çoxları belə işləyir, pul əvəzi evlərini, maşınlarını şirkətin prezidenti Elxan Bəşirovun adına keçirirlər. Fuad Bəşirov çox vədlər verərək, nəhayət, məni razılığa gətirdi.

Onu da deyim ki, mən ailəliyəm, iki körpə övladım və himayəmdə birinci qrup əlil atam var. Atamı, ailəmi, çətin dolanışığımızı düşünüb Fuad Bəşirovla razılaşdım. Səhərisi gün “Mercedes” markalı avtomaşınımı Maya Yusubovanın adına keçirmək üçün DYP-yə getdik. Şirkətin nümayəndəsi maşının sənədlərini götürüb getdi. Bir neçe saatdan sonra o, qayıdıb gəldi ki, məsələ həll olundu. Mən ona dedim ki, məsələ necə həll olundu, axı mən hələ heç bir sənədi imzalamamışam. Şirkətin nümayəndəsi dedi ki, elə sənin bura gəlməyin razılıq əlamətidir, sənədi kimin imzalamasının nə əhəmiyyəti var?! Beləliklə, heç bir sənədi imzalamadığım halda, mənə məxsus olan “Mercedes” markalı avtomaşın Fuad Bəşirovun bacısı qızı Maya Yusubovanın adına keçirildi. Biz oradan birbaşa şirkətə gəldik. Bir neçə saatdan sonra maşınla şirkətin həyətindən çıxmaq istəyəndə mühafizəçi məni yerə düşürdüb dedi ki, Fuad Bəşirovun tapşırığı var, bu maşın artıq şirkətə məxsusdur. Və mühafizəçi məni maşınsız məcburiyyətlə şirkətin həyətindən bayıra çıxartdı. Beləliklə, Fuad Bəşirov məni aldadaraq, həm maşınımı əlimdən aldı, həm də o gündən işsiz qaldım.
Atam dəfələrlə Fuad Bəşirovla görüşmək istədi, ancaq onu şirkətin həyətinə belə buraxmadılar. Fuad Bəşirova dəfələrlə müraciət edib maşınımı geri istəyəndə, o, Abşeron rayon İcra Hakimiyyətində işə düzəldiyini dedi və ondan şikayət edəcəyim halda, üzərimə borc yazdırıb, şahidləriylə məni həbs etdirəcəyi ilə hədələdi. Hətta məni şirkətə çağırtdırıb müxtəlif sənədləri də imzalatdılar.

Hörmətli redaksiya!

Xahiş edirəm, mənə məxsus olan maşının geri qaytarılmasına, verilməyən aylıq əmək haqqımın ödənilməsinə kömək edəsiniz”.

Şikayət ərizəsində “Mətanət A” şirkətinin və onun rəhbərliyinin ünvanına səsləndirilən sərt ittihamları nəzərə alıb, qarşı tərəfdən də münasibət öyrəndik. Əvvəlcə, “Mətanət A” şirkətinin vitse-prezidenti Fuad Bəşirovla telefon əlaqəsi saxladıq. F.Bəşirov məsələ ilə bağlı maraqlanıb münasibət bildirəcəyini söylədi. Səhərisi gün telefon zəngimizə F.Bəşirov yox, şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Abbaslı cavab verdi. O, F.Bəşirovun toplantıda olduğunu bildirdi. T.Abbaslı dedi ki, dünənki zəngimizdən sonra şirkətdə məsələ müzakirə edilib və araşdırılıb. Şöbə müdirinin sözlərinə görə, Zamin Bəkirovun üzərində satış istiqamətində mənimsəmə faktı var: “Onun haqqında hüquq-mühafizə orqanlarına şikayət olunub. Artıq iş araşdırma mərhələsindədir. Görünür, o, üzləşəcəyi problemin məsuliyyətini dərk edərək, məsələni ictimailəşdirirməklə, hər halda, “qara məni basınca qoy, qaranı mən basım” prinsipini seçmək məcburiyyətində qalıb. Bu boyda şirkət yalandan deməz ki, Zamin Bəkirovun satış istiqamətində mənimsəmə faktı var. Bu, faktdır və iş hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bizim məsələ ilə bağlı hələlik bugünkü mövqeyimiz bundan ibarətdir. Yəqin ki, bu mövqe də dəyişməz olaraq qalacaq”.