Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

iclas matbuat

 

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantını MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq yekdilliklə qəbul edilib.

Öncə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu həyata keçirilib. Müzakirələrdən sonra Bərdə rayonunun “Bərdə”, uşaqlar üçün nəzərdə tutulmuş “Tumurcuq”, həmçinin “Het-trik” qəzetləri, Azərbaycan press foto Agentliyi, Baymedia İnformasiya Agentliyi, “minval.az”, “newstime.az”, “veteninfo.az” saytları və “Sportsman” jurnalı Şura üzvlüyünə qəbul olunublar.

İclasda müzakirə edilən ikinci məsələ Mətbuat Şurasının qəzet yayımı ilə məşğul olan komissiyasının tövsiyələri əsasında hazırlanmış təklliflər olub. Öncə komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin təkliflərlə bağlı məruzəsi dinlənilib.

V.Rəhimzadə bildirib ki, tərkibi Şura sədrinin müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevdən ibarət komissiya ötən qısa müddət ərzində məhsuldar fəaliyyət göstərib. Qurumun üzvləri paytaxtın müxtəlif yerlərində qəzet satışı ilə bağlı vəziyyəti araşdırıblar. Mövcud istiqamətdə əlaqədar qurumlarla, o cümlədən yayım firmaları ilə təmaslar qurulub. “Cənab Prezident İlham Əliyevin noyabrın 24-də media nümayəndələri ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər bu sahəylə əlaqədar təşkilatların da məsələyə məsuliyyətli yanaşmasına səbəb olub. Komissiya yerlərdə qəzet satışı ilə bağlı kifayət qədər problemlərin olduğunu müəyyənləşdirib. Hesab edirəm ki, təkliflərimiz onların aradan qaldırılmasına yönələn işləri sürətləndirəcək”.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli təkliflərdə Bakı şəhərində əlavə olaraq 1000-ə yaxın köşkün qoyulmasına dair fikir üzərində dayanıb. O bildirib ki, bu işi həyata keçirəcək yayım firmaları paytaxtı əhatə etmə məsələsinə diqqət yetirməlidirlər. Çünki təkliflərdən də göründüyü kimi, Bakının bir sıra rayonlarında, habelə kənd və qəsəbələrində qəzet satışı həyata keçirilmir.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu təkliflərdə Bakı Metropoliteninin stansiyalarında satışın bərpası ilə əlaqədar yer almış məqama toxunub. O, məhz həmin məntəqələrdə satışın qəzetlər üçün önəmli olduğunu vurğulayıb və əsas diqqətin də bu məsələyə yönəldilməsinin vacibliyini əsaslandırıb.

MŞ sədrinin müavini Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvlərindən “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri Cavanşir Feyziyev və Musa Qasımlı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Day.az” Media Şirkətinin baş direktor müavini Sevda Həmidova, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Nəsir Əhmədli də bu məqam üzərində xüsusi dayanaraq, ümumən təkliflərdə qəzet satışı ilə bağlı vəziyyəti araşdıran komissiyanın fəaliyyətinin tamamilə əksini tapdığını vurğulayıblar. Onlar eyni zamanda sənədə müəyyən əlavələrin edilməsini, konkretləşmələrin aparılmasını zəruri sayıblar.

Qeyd edək ki, Mətbuat Şurası təkliflərini yaxın günlərdə ölkə rəhbərliyinə təqdim edəcək. Təkliflərdə “Qasid” firmasının qəzetlərə borcu, qəzet yayımı ilə məşğul olan firmaların satışdan gələn gəlirdən yüksək faiz tutması, həyata keçirilməkdə olan abadlıq və quruculuq işləri ilə əlaqədar qəzet köşklərinin yerlərinin dəyişdirilməsi prosesinə diqqət yetirilməsi və digər məsələlər əksini tapıb, paytaxtın müxtəlif yerlərində yeni köşklərin qoyulmasının zəruriliyi əsaslandırılıb.