Mətbuat Şurası mediaya səsləndi

MS

Mətbuat Şurası cəbhə xəttində yaranmış vəziyyətin KİV-lər tərəfindən işıqlandırılması ilə əlaqədar bəyanat verib.

XALQ.AZ-ın məlumatına görə, Azərbaycan Mətbuat Şurası son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı mediamızda çoxlu sayda informasiyanın yer alması ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda fikir, söz və ifadə azadlığı şəraitində məsələyə xüsusi diqqət göstərilməsinin anlaşılan olduğu vurğulanıb. Lakin təəssüflə qeyd olunub ki, cəbhə xəttində yaranmış vəziyyətlə bağlı xəbərlər yayan bir çox internet media resursunun tutduğu dəst-xətt onların həssas mövzuya peşəkar münasibət meylini deyil, cəmiyyətdə çaşqınlıq, ruh düşkünlüyü yaratmaq istəklərini aşkar şəkildə göstərməkdədir.

Diqqətə çatdırılıb ki, cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının almaq üçün Mətbuat Şurası bu istiqamətdə apardığı monitorinqin nəticələrini müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara təqdim edəcəkdir. Həmçinin qurum ictimai rəyə təsir gücünə malik KİV-lərə hazırkı şəraitdə xüsusilə həssas olmağı tövsiyə edib. İndiki vaxtda cəmiyyətin obyektiv və operativ informasiyalara ehtiyacı daha böyükdür. Bu ehtiyacın ödənilməsi üçün hər bir jurnalistin işinə məsuliyyətlə və vicdanla yanaşması şərtdir.

Daha çox rəsmi dövlət orqanlarımıza istinad olunmalı, əldə edilən digər informasiyalar onlarla dəqiqləşdirilməlidir.