Mətbuat şurasında lahiyə toplantısı oldu

 

74

 

Azərbaycan Mətbuat Şurasının (MŞ) «Milli mətbuatımız, istiqlal yolumuz» silsiləsindən filmlərin çəkilişi» layihəsi üzrə ilk toplantısı keçirilib.

Şuradan Xalq.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, layihədə məqsəd Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadimlərin keçdikləri ömür yolu barədə silsilə filmlərin çəkilməsidir: «Ümumən 12 ziyalımız barədə filmin çəkilişi nəzərdə tutulur. Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə, İsmayıl bəy Qaspıralı, Məhəmməd Ağa Şaxtaxtlı, Əliabbas Müznib və Azərbaycanın ilk qadın redaktoru olmuş Xədicə Əlibəyova haqqında filmlərin çəkilməsini, onların mətbu fəaliyyətinin milli dövlətçilik ənənələrinin tərəqqisinə yönələn tərəflərini qabartmağı nəzərdə tuturuq”.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, Azərbaycan dövlətçiliyi uğrundakı fəaliyyətlərini mətbuatın gücündən yararlanaraq quranların əməyinin, keçdikləri ömür yollarının geniş kütlələrə çatdırılmasına ehtiyac gələcək nəsillərə örnək baxımından zəruridir. Layihənin başlıca məqsədi də bu zərurəti dəyərləndirməkdir.

Tədbirdəki çıxışlarda milli mətbuatda önəmli rolu olan simaların milli dövlətçilik amalı uğrundakı missiyalarının ön planda saxlanılmasının zəruriliyi əsaslandırılıb.