Maaşlar artırıldı-Baş nazirin Qərarı

 

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarına dəyişikliklər edilib.

XALQ.AZ  xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları müvafiq olaraq 15 manat – 135 manatdan 150 manatadək, 120 manatdan 135 manatadək, 116 manatdan 130 manatadək artırılıb. Bununla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları da 5 manat (125 manatdan 130 manatadək) artırılıb.

Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. Həmçinin Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”ndə dəyişikliklər edib.

Qüvvədə olan Vahid Tarif Cədvəlinə əsasən əməyin 1, 2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 116, 121, 126 və 132 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.

Dəyişikliyə əsasən, bu dərəcələr üzrə aylıq vəzifə maaşı artırılıb. Əməyin 1, 2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130, 132, 134 və 136 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.