Makedon kabab bişirir

makedon - копия

Bizim Cəbiş müəllim” filminin adı çəkiləndə ekran əsərindəki bir sıra obrazlar dərhal göz önündə canlanır: Cəbiş müəllim, onun arvadı, Suğra xala, Tanya, Makedon, Əbülfəz və s…

1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Bizim Cəbiş müəllim” Azərbaycan kino sənətinin incilərindəndir. Bu filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt “yoruldum” demir.

Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

Böyük Vətən müharibəsində Azərbaycan neftinin nə dərəcədə rol oynaması haqqında fikirləri ilk dəfə olaraq “Bizim Cəbiş Müəllim” filmində Nəcəfov obrazının dili ilə söylənilib: “Böyük Vətən müharibəsində Sovetlər Birliyi tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib”.

Filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndəriblər. Həmişə olduğu kimi bu dəfə də Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən həmin faktların çıxarılmasına göstəriş verir. Amma Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail olur.

“Bizim Cəbiş müəllim” filmindəki maraqlı obrazlardan biridi də Makedondur. Bu rolu əslən Bakının Prşağı kəndindən olan Aqil Ağacanov canlandırıb. Onu filmə təsadüfən çəkirlər.

Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq onu Makedon roluna sınaqlara çağırır.

Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək. Belə də olur.

Makedon rolunun ifaçısı Aqil Ağacanov hazırda Pirşağı kəndində yaşayır. Deyirlər rejissor filmin çəkilişləri zamanı Aqilin bəzi kaprizlərinə dözməli olub. Məsələn, Tanya ilə öpüş səhnəsində Makedon – Aqil Ağacanov özü qəsdən səhvlərə yol verirmis ki, dubl təkrarlansın.

Bunu Aqil Ağacanovun özü çox sonralar etiraf edibmiş.

O, Pirşağıda kababçı Aqil kimi də tanınır. /Anspress.com/

 

makedon