Maliyyə Nazirliyi yoxlamalara başlayır

yoxlama

Hər il olduğu kimi, bu il də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yoxlamalar aparır.

Modern.az-a açıqlamasında Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti öz nəzarət tədbirlərini hər il üçün hazırlanmış iş planına əsasən mövcud qanunvericiliyə uyğun olaraq aparır.

Xidmət rəhbəri onu da bildirib ki, həyata keçirilən nəzarət tədbirləri barədə müntəzəm olaraq ictimaiyyətə məlumat verilir.

Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydalarına uyğun olaraq büdcədən maliyyələşən təşkilatlarda yoxlamaların başlanılması əmri Xidmətin rəisi və ya rəisin buna səlahiyyəti olan müavini tərəfindən imzalanır. Xidmətin iş planına əsasən, dövlət büdcəsinin respublika tabeli şəhər (Bakı şəhəri istisna olmaqla) və rayonlar üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası ilə əlaqədar yerli maliyyə orqanlarının işlərinin yoxlanılmasına və müvafiq şəhər və rayonların ərazilərində yerləşən büdcə təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətləri üzrə nəzarət tədbirlərinin aparılmasına başlanılır. Nəzarət tədbirlərinin müddətləri müfəttişlərin təqdim etdikləri məlumatlara istinadən Xidmətin müvafiq struktur bölməsinin rəhbəri tərəfindən Xidmətin rəhbərliyinə yazılmış təhriri məruzələrə əsasən Xidmətin rəisi və rəisin buna səlahiyyəti olan müavini tərəfindən imzalanan əlavə əmrlə artırılır.