Manat ilin əvvəlindən 4 faiz möhkəmlənib

“2017-ci ildə monetar şərait əsasən fiskal sektorun və bank sisteminin likvidliyə olan ehtiyaclarının təsiri altında formalaşıb”.

XALQ.AZ bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ilin yekunları ilə bağlı iclasda çıxışı zamanı bildirib.

O, qeyd edib ki, pul siyasəti alətləri inflyasiya və pul təklifi üzrə hədəflər, eləcə də pul siyasətinin transmissiyası xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib: “2017-ci ilə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8,7% artıb ki, bu da qeyri-neft sektoru üzrə iqtisadi artım tempini əhəmiyyətli üstələyir. İl ərzində iqtisadiyyatda ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi üçün daim kifayət qədər pul olub. Dəyər ölçüsü və ödəniş vasitəsi funksiyası ilə yanaşı, hesabat ilində manat müəyyən qədər yığım vasitəsi funksiyasını da bərpa etməyə başlayıb. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib”.

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyevin ölkənin makroiqitisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri çıxışında önə çəkən E.Rüstəmov bildirib ki, yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Tədiyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşib və inflyasiya gözləntiləri nisbətən səngiyib. Bu müsbət nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olub.

E.Rüstəmov qeyd edib ki, prezident İlham Əliyev ölkədə makroiqtisadi vəziyyətin sabitləşdiyini, inflyasiyanın səviyyəsinin aşağı olmasını, eləcə də manatın məzənnəsinin sabit olduğunu vurğulayıb və ölkənin hərtərəfli inkişafı ilə bağlı bir sıra mühüm göstərişlər verib. Bununla əlaqədar, Mərkəzi Bankın 2017-ci ilin yekunlarına həsr olunmuş toplantısının əsas məqsədinin həm ötən ilin yekunlarını qiymətləndirmək, həm də son müşavirədə cənab Prezidentin tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirmək olduğunu bildirib. Vurğulanıb ki, 2017-ci ildə Mərkəzi Bank yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata keçirib, siyasət faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənib.

Onun sözlərinə görə, 2017-ci ildə makroiqtisadi sabitlik meyillərinin yaranması qeyri-neft sektorunda iqtisadi artımın bərpasına şərait yaradıb. Belə ki, ötən il qeyri-neft sektorunda ümumi daxili məhsul real olaraq 2,7% artıb. Xarici tələblə yanaşı daxili tələb iqtisadi artımda mühüm rol oynayıb, dövlət büdcəsi xərcləri daxili tələbə təsir edən mühüm amillərdən biri olub.

“2017-ci ildə inflyasiya gözləntiləri stabilləşib. Dözlət Statistika Komitəsinin məlumatına görə valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin möhkəmləndiyi şəraitdə inzibati qiymətlərin və dünya ərzaq qiymətlərinin artması, bir sıra əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasiyanın səviyyəsinə təsir edən başlıca amillər olub”, -deyə E.Rüstəmov vurğualyıb.