“Mary McBride ” musiqi qrupu Lənkəranda

Lenkeran

Azərbaycanda səfərdə olan ABŞ-ın məşhur “Meri Mak Brayd” musiqi qrupu bu dəfə lənkəranlı musiqisevərlərin qonağı oldu, Heydər Əliyev Xatirə parkında geniş konsert proqramı ilə çıxış etdi.
Konsert proqramı Lənkəran şəhər İcra hakimiyyətinin təşkilatçılıgı və ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə reallaşdı. Qrupun Azərbaycana səfəri ABŞ Dövlət Departamentinin Mədəniyyət Elçiləri proqramı çərçivəsində həyata keçirilir.

ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşı çıxış edərək konsertin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova və lənkəranlı musiqisevərlərə minnətdarlığını bildirdi. Qeyd olundu ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu proqram Azərbaycan və Amerika xalqları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır, eləcə də belə musiqi turları xalqlar arasında dialoqun qurulmasında mühüm əhəmiyyətə malikdir. Bildirildi ki, Meri onun “No One’s Gonna Love You like Me” (“Səni heç kəs mənim kimi sevməyəcək”) adlı mahnısının Akademiya mükafatını almış “Brokeback Mountain-Qozbel Dağ” filmində ifasına görə qalib elan olunub və Elton Con tərəfindən onun 35 illiyinə həsr edilmiş “Goodbye Yellow Brick Road” adlı konsertində ifa etmək üçün seçilib. Meri “Home Tour” adlı tur təsisçisidir. O, bu tur çərçivəsində canlı musiqidən məhrum olan insanların evlərində musiqi konsertləri təşkil edir. “Vaşinqton Post” qəzetinin qeyri-adi adlandırdığı bu tur ABŞ-ın hər yerində və xaricdə “insanların ev saydığı yerlərdə” olub və bura sağlamlığa qayğı mərkəzləri, kimsəsiz evləri, uşaq evləri, həbsxanalar, yaşayış icmaları, HİV-QİÇS-ə yoluxmuş insanlar üçün fəaliyyət göstərən evlər daxildir.
Ölkəmizdə ikinci dəfədir çıxış edən “Meri Mak Brayd” musiqi qrupu konsertdə ən çox sevilən mahnılarını ifa etdi.
Konsert zamanı Meri Mak Brayd və qrupun üzvlərinin təqdim etdikləri bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılandı.

Lenkeran