Masallıda məktəbli forması satışı “uğurla” başa çatdırıldı

44 

 

Astan İbişov məktəbləri bazara çevirib, rayonda müəllim işləmək istəyən 5 min manatından keçməlidir

 

Masallı rayonunda təhsilin vəziyyəti bərbad haldadır. Daha doğrusu, hazırkı durumu rayon təhsilinin «ölüm ayağında» olan xəstə misalı olduğu kimi qiymətləndirmək doğru olardı. Xalq.az-a verilən məlumata görə, Masallı təhsil şöbəsinin müdiri Astan İbişov orta məktəbləri bazara çevirib.

Hal hazırda rayonun mərkəzindəki orta məktəblərdə məktəbli formasının satışı prosesi başa çatdırılıb. Şöbə müdirinin göstərişi ilə direktorların zorla valideynlərə satdığı geyimlərdən əldə edilən pulun miqdarı isə həddən artıq böyük rəqəmlərlə ifadə olunur.

Həmin məlumatlarda vurğulanır ki, hazırda proses kənd məktəblərində davam etdirilir. Lakin kənd əhlinin maddi imkanları o dərəcə də yüksək olmadığından Astan İbişovun biznesində axsama yaranıb. Ona görə də, təhsil şöbəsinin müdiri direktorlara təpinərək, sentyabrın 14-nə kimi formalardan alınacaq pulları ona çatdırılmasını tələb edib. Məktəb direktorları da məcburiyyətdən ciblərindən də olsa, bu pulu ona verməli olublar.

Qeyd edək ki, Masallı təhsilinin ən dəhşətli problemlərindən biri də müəllim çatışmazlığı ilə bağlıdır. Məlumatlarda vurğulanır ki, əksər orta məktəblərdə bir sıra fənlər üzrə mütəxəssis çatışmazlığı da Astan İbişovun «ideyası» sayəsində həllini tapıb. Belə ki, bir çox məktəblərdəədəbiyyat fənni üzrə müəllimlərin dərslərini ya fizika, ya da kimya müəllimləri deyirlər. İş o qədər biabırçışəkil alıb ki, Bakıda təhsil almış ixtisaslı kadrlar yalnız rüşvət müqabilində işə götürülürlər. İbişovun tələb etdiyi pulun miqdarı isə 3-5 min manatdan ibarətdir. Bu pulu da yenicə ali məktəbi bitirmiş gənc tapa bilmədiyindən əlində diplomu olmasına rəğmən, işsiz qalmalı olur.

Təhsil naziri Mikayıl Cabbarov yeni tədris ili başlanması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirir. Paytaxtda və bölgələrdə Prezident İlham Əliyev bır sıra məktəblərin yenidənqurmadan sonra şəraiti ilə tanış olur, gənclərimizin yüksək təhsil alması üçün lazımi tədbirlər həyata keçirir. Lakin Masallı təhsil şöbəsinin müdiri Astan İbişov məktəbli forması satmaqla məşquldur.Görünür o,təhsildə tərəqqi və inkişafı məktəbli formasının satılmasına görür.

P.S. Masallı təhsilində baş verən digər dəhşətli olaylarla əlaqədar növbəti yazılarımızda geniş məlumat verəcəyik.

P.S.S Məlumatları dəqiqləşdirmək məqsədi ilə Masallı təhsil şöbəsi ilə davamlı əlaqə saxlamağımıza baxmayaraq Təhsil şöbəsinin müdiri Astan İbişovun katibəsi bildiri ki, yeni tədris ili ilə əlaqədar müdir məktəblərə baş çəkməyə gedib.