Masallıda təhsil biznesi

astan

Astan İbişov indidən direktorlardan pul tələb etməyə başlayıb

Masallının təhsil şöbəsinin müdiri Astan İbişov tədris dövrü başlamadan bazar açıb. Bu barədə XALQ.AZ-a məlumat verən yerli sakinlərin bildirdiyinə görə, şöbə müdiri bütün direktorları başına yığaraq, sentyabrın 15-nə kimi onlardan pul çatdırmalarını istəyib.

Məlumatda vurğulanır ki, İbişovun istədiyi məbləğ hər bir kənd məktəbi üçün ayrıdır. Belə ki, Masallı şəhər məktəblərinin direktorları 3-5 min manat pul verməli olduqları halda, kəndlər üzrə bu məbləğ 1500-2000 manata qədər enib. Həmin müddətə qədər bu pul təhsil şöbəsinin müdirinə çatdırılmasa, həmin direktorun işdən çıxarılacağı reallaşacaq.

Onu da deyək ki, direktorlar bu tələbdən narazı düşüblər. Hətta bəzi kənd orta məktəblərinin direktorları Astan İbişovun hərəkətlərindən Təhsil Nazirliyinə şikayət etmək istəyirlər. Yaxın bir-iki gün ərzində bir qrup müəllim və direktorun bununla bağlı müraciətinin yayılacağı da vurğulanır.

XALQ.AZ-a verilən məlumatlarda o da vurğulanır ki, Astan İbişov məktəbli geyimi biznesinə də qoşulub. Məlumatda deyilir ki, təhsil şöbəsinin müdiri həmin geyimləri orta məktəblərə göndərtdirərək, onlardan bu geyimlərin satılmasını tələb edir. Hər bir məktəbli formasının üzərinə isə 10 manat əlavə pul qoyulur ki, bu da İbişovun qazancı deməkdir. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc hazırıq.