Masallının elektrik dərdi

58

Güllütəpədən sonra, Yeni Zuvandlı sakinləri Elektrik Satışı Şəbəkəsi İdarəsinin yarıtmaz fəaliyyətinin qurbanına çevriliblər, rüşvət ala bilmədikləri iki kənd sakini isə 300 manat cərimə edilib

Bir müddət əvvəl xəbər vermişdik ki, Masallının Güllütəpə kəndində elektrik xətləri və dirəklərinin bərbad vəziyyətdə olması səbəbindən faciə yaşana bilər. Hətta bununla əlaqədar rayondan çəkilmiş fotoşəkilləri də təqdim etmişdik.

XALQ.AZ-a verilən məlumatda deyilirdi ki, kənd sakinləri dağılmış və uçmaq ərəfəsində olan elektrik dirəklərinin təmir və ya bərpa edilməsi üçün rayon Elektrik Satışı Şəbəkəsi İdarəsinə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Üstəlik, dirəklərin əyilərək, təhlükə mənbəyinə çevrilməsi üzündən insanlar uşaqlarını həyətdə oynamağa icazə vermirlər.

Amma analoji vəziyyət rayonun Yeni Zuvandlı və Tatyanoba kəndlərində də yaşanır. Hətta Yeni Zuvandlı kəndinin sakinləri faciənin eşiyindən belə dönüblər. XALQ.AZ-ın əldə etdiyi məlumatda deyilir ki, küləyin sərt əsməsi səbəbindən Masallının sözügedən kəndində elektrik naqilləri qırılaraq, sakinlərdən Alışan Əlinağıyev və Nazim Əliyevin həyətinə düşüb.

Qeyd edilir ki, hadisədən dərhal sonra Əlinağıyev Masallı Elektrik Satışı Şəbəkəsi İdarəsinə müraciət edərək, onlardan yardım istəyib. Səhəri gün isə yazılı şəkildə kömək üçün müraciət ünvanlayıb. Ancaq kənd iki gün elektriksiz qalsa da, kimsə nə yardım edib, nə də qəzalı vəziyyəti aradan qaldırıb. İşıq İdarəsinin əməkdaşları özlərinə əziyyət verib əraziyə belə gəlməyiblər. Əlacsız qalan kənd sakinləri özləri mantyor çağıraraq, elektrik xəttini bərpa etməli olublar.

Həmin məlumatlarda deyilir ki, olaydan sonra hadisə yerinə gələn idarənin işçisi Bakir Nəsirov buraxdıqları səhvləri təlafi etmək əvəzinə, A.Əlinağıyev və N.Əliyevi hədələməyə başlayıb. Hətta o, Yeni Zuvandlı kəndinin sakinlərini «qeyri-qanuni iş görməkdə» ittiham edib. Bu azmış kimi, onlardan «etdikləri qanunsuz əmələ görə» 200 manat pul istəyib ki, niyyəti baş tutmayıb. Və əsəbiləşərək, sözügedən kənd sakinlərini 300 manat cərimələyib.

Qeyd edək ki, kənd sakinləri niyə cərimə olunduqlarının səbəbini hələ də anlayı bilmirlər. Qanunların işləmədiyi rayonda kimə şikayət edəcəklərini də bilmirlər. Masallı Elektrik Satışı Şəbəkəsi İdarəsinin rəhbərliyini isə pul maraqlandırır. Əhalinin hansı əziyyətdə isə onların heç veclərinə deyil.