Masazırda gölün kim özəlləşdirib?

Novxanı sakinlərinin məhrum qaldığı Masazır duz gölünü kimlər hasarlayıb? -
Bir zamanlar Novxanı sakinlərinin “çörək ağacı” olan Masazır duz gölü hasara alınıb və gölə kənar şəxslərin yaxınlaşması qadağan edilib. Bu göldən yalnız duz istehsal edən şirkətlər istifadə edə bilər. Bundan əlavə, duz gölü həm də sağlamlıq mənbəyi sayıldığından əvvəllər yolu buradan keçənlər müalicə məqsədi ilə gölə girərmiş. Novxanı sakinlərinin sözlərinə görə, Azərbaycanın dörd bir yanından revmatizmi olanlar, dəri yaralarından əziyyət çəkənlər bu göldə şəfa taparmış.
Lakin indi insanlar bütün bu imkanlardan məhrumdurlar.
Musavat.com-un müxbiri bu gün Masazır duz gölünə gedib və oradakı vəziyyəti işıqlandırıb.
Masazır duz gölü ilk baxışdan özünəməxsus çəhrayı rəngi ilə diqqət çəkir. Sahilində yığılmış ağ duz layları günəşin şəfəqləri altında bərq vurur. Duz tədricən yetişməyə başladıqca suyun rəngi daha çox qızarır və bu da duz yığımının başlayacağından xəbər verir. Bu mənzərəni yalnız gölün kənarına çəkilmiş dəmir hasarlar korlayır. Mənzərəyə baxanlar isə sakitcə köks ötürüb buradan keçirlər.
Çünki hasarın üzərində “Kənar şəxslərin gölə yaxınlaşması qadağandır” xəbərdarlığı kimsəyə gölə yaxınlaşmaq haqqı tanımır. Bu qadağaya məhəl qoymayanları isə gölə nəzarət edən şirkətlərin mühafizə xidmətinin əməkdaşları kənarlaşdırırlar.
Novxanı kəndinin ağsaqqalı Zakir Əliyev deyir ki, təkcə Novxanı yox, Masazır, Binəqədi, Saray – bu dörd kəndin əhalisi uzun illər boyu buradan duz yığıblar. Hələ 1941-45-ci illərin müharibə dövründə qadınlar bu işi üzərinə götürüb və göldən duz yığıblar. Bu Allahın biz bəxş etdiyi nemət idi. Müstəqilliyə keçid illərində, aclıq dövründə, iqtisadi vəziyyət pis olanda biz hamımız gəlib buradan duz yığıb satıb dolanmışıq. Buradan yığdığımız duzlar nəinki ölkə bazarına, xarici bazarlara – Gürcüstana, Rusiyaya və başqa ölkələrə ixrac olunurdu. Yəni, 5-10 manat çörəkpulumuzu qazanırdıq. Sonra kimsə duz gölümüzü Türkiyəli iş adamlarına satdı. Onlar da gəlib hasara aldılar. Mən, qardaşlarım, Novxanı camaatı yığışdıq ki, axı belə olmaz, bu duz gölü bizim dolanışıq mənbəyimizdir. Dedilər ki, indi hərə özü üçün necə duz yığırsa, bundan sonra da zavod üçün duz yığacaqsınız, hamınıza iş veriləcək. Ancaq indi o zavodlarda bir dənə də yerli sakin yoxdur.
Hamısı kənardan gətirilib. Allahın bizə verdiyi bərəkəti əlimizdən aldılar. İndi buranın bütün kişiləri, qadınları işsiz qalıb”.
Başqa bir sakin deyir ki, buradan yığdıqları duzu rayonlara aparır, orada digər ərzaq məhsulları, meyvə-tərəvəzlə dəyişib gəlirmişlər: “Məsələn, birimiz duzu Qubaya aparırdıq, almaya dəyişib gəlirdik. Birimiz Gədəbəyə aparıb kartofa dəyişib gəlirdik. Düzdür, demirik ki, indi də elə olsun, cəmiyyət inkişaf edib.
Ancaq ən azından imkan versinlər ki, biz duzu yığıb onlara sataq, ya da kənardan gətirdikləri işçilərin yerinə biz işləyək. Ancaq zavodlara məqsədli şəkildə yerli adamı götürmürlər. Şəxsiyyət vəsiqəsinə baxıb Novxanıdan olduğumuzu bilən kimi, yalançı vəd verib geri yollayırlar. Hazırda bütün Novxanı sakinlərinin ən böyük şikayəti işsizlikdəndir”.
Qeyd edək ki, duz gölünün ətrafında həm də çoxlu otellər tikilməkdədir. Məqsəd gələcəkdə buranı sağlamlıq turizminə çevirməkdir. Bu da sıradan insanların göldən məhrum qalması deməkdir.
Məlumat üçün qeyd edək ki, Masazır duz gölü Bakıdan 21 kilometr uzaqlıqda, Abşeron rayonunun Masazır qəsəbəsinin yaxınlığında yerləşən göl. Sahəsi 10 km²-dir. Duzlu, xloridli və yüksək konsentrasiyalı sulfat suya qırmızı rəng verir.
Duzluluğun yüksək səviyyəsi ilə əlaqədar, bitki və fauna aləmi praktik olaraq yoxdur. Göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Gölün qida duz ehtiyatları təxminən 1735 milyon ton təşkil edir. Gölün sahilində duz istehsal edən zavod yerləşir. Göldən duz, suyun səthində olan duz layı şəklində və suyun tərkibində olan məhlul şəklində çıxarılır.
Bəs, görəsən xalqın milli sərvəti olan duz gölünün özəlləşdirilməsi, hasara alınaraq insanlara yasaqlanması qanunvericilik baxımından doğrudurmu? Qanun bu məsələdə kimin tərəfindədir?
Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”ın suallarını belə cavablandırıb: “Su Məcəlləsinin 12-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan su obyektlərinə dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri də daxildir.
Dövlət mülkiyyətində olan su obyektləri qanunvericilikdə müəyyən edilmiş qaydada istifadəyə, icarəyə və bələdiyyə mülkiyyətinə verilə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan su obyektləri (yəni, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri) qanunvericilikdə nəzərdə tutulmuş qaydada ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər.Yəni əgər Masazır gölü dövlət mülkiyyətindədirsə, onda o, şirkətin mülkiyyətinə verilə bilməz, özəlləşdirilə bilməz. Əgər bələdiyyə mülkiyyətindədirsə, onda 13-cü maddəyə əsasən vətəndaşların və ya hüquqi şəxslərin xüsusi mülkiyyətə verilə bilər. Amma istənilən halda dövlət mülkiyyətində olduğu halda belə istifadəyə və ya icarəyə verilibsə, onda hasara alına bilər. Buna görə də əsas məsələ bu gölün kimə və hansı hüquqla məxsus olduğunu müəyyənləşdirməkdir. Bunun üçün də Dövlət su kadastrı mövcuddur.
Su Məcəlləsinin 26-cı maddəsi: “Dövlət su kadastrı su obyektləri, su ehtiyatları, su obyektlərindən istifadə və su obyektləri istifadəçiləri barədə məlumatların məcmusudur. Dövlət su kadastrı Azərbaycan Respublikasında vahid sistem üzrə aparılır və suların dövlət uçotu məlumatlarına əsaslanır”.